Əhvaz ərəbləri Azərbaycana dəstək bəyanatı yaydı
İran ərəblərinin təşkilatı Əhvaz Xalq Demokratik Cəbhəsi İranın Azərbaycanın daxili işlərinə müdaxiləsini və dini inanclardan istifadə edərək cəmiyyətdə parçalanma yaratmaq cəhdlərini pisləyib.
TodayPress TV xəbər verir ki, təşkilatın yaydığı bəyanatda İranın bölgədə məzhəb qarşıdurmalarını təşviq etməsi, proksi qüvvələrə dəstək verməsi və qonşu ölkələrin daxili işlərinə müdaxiləsi tənqid olunub.
“İraq, Livan və Yəmənin acı təcrübələri göstərir ki, məzhəb təhrikləri və proksi qüvvələrə dəstək milli suverenliyi və regional təhlükəsizliyi təhdid edir. Azərbaycan Respublikası bu dağıdıcı siyasətlərin təkrarlanması meydanına çevrilməməlidir”, – bəyanatda bildirilib.
Cəbhə Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu bəyan edərək ölkənin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Təşkilat İran hakimiyyətini Azərbaycanın və digər qonşu ölkələrin daxili işlərinə müdaxiləyə son qoymağa çağırıb.
“Din müdaxilə üçün bəhanə deyil və millətlərin taleyi yalnız millətlərin öz əlləri ilə müəyyən edilir”, – bəyanatda qeyd olunub.