Zelenski Kiyevdə İspaniya Deputatlar Konqresinin sədri ilə görüşdü

Dünya

12.05.2026 21:55

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Telegram" kanalında açıqlama verib.

Bildirilib ki, danışıqların əsas diqqət mərkəzində müdafiə sahəsində əməkdaşlıq, hava hücumundan müdafiə (HHM) sistemləri və Avropanın təhlükəsizlik təşəbbüsləri olub.

“İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüş keçirdim. İlk növbədə müdafiə sahəsində əməkdaşlığı — hava hücumundan müdafiəni, PURL (Ukraynanın Prioritet Tələblər Siyahısı) və SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) proqramlarının inkişafını müzakirə etdik”, - deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, hər iki tərəf Avropanın öz hava məkanını ballistik raketlərdən, dronlardan və digər təhdidlərdən qorumaqda özünü təmin etməli olduğu fikrini bölüşür.

Görüşdə, həmçinin Ukraynaya qarşı təcavüz cinayəti üzrə beynəlxalq tribunalın yaradılması təklifi, eləcə də müharibə zamanı deportasiya edildiyi və ya didərgin düşdüyü iddia edilən uşaqların geri qaytarılması səyləri müzakirə olunub.

Zelenski İspaniya parlamentinə, hökumətinə və xalqına göstərdikləri davamlı dəstəyə görə minnətdarlığını bildirib. O, Rusiyanın tammiqyaslı müharibəsinin başlanğıcından bəri qəbul edilən siyasi qərarları, xüsusilə hərbi və humanitar yardımları yüksək qiymətləndirib.

Milli təhlükəsizlik müşavirlərinin görüşündən sonra avropalı tərəfdaşlara da təşəkkür edən prezident, Avropanın antiballistik müdafiə imkanlarının inkişaf etdirilməsində tərəqqinin əldə olunduğunu və "antiballistik müdafiə koalisiyası"nın formalaşdırıldığını vurğulayıb. O, bu təşəbbüslə bağlı keçirilən son müzakirələrdə 13 ölkənin və NATO Baş katibi ofisinin iştirak etdiyini bildirib.

Zelenski həmçinin iddia edib ki, Ukrayna hazırda döyüş meydanında, uzaqmənzilli zərbə imkanlarında və tərəfdaşlarla əməkdaşlıqda güclü mövqelərə malikdir:

“Ümumilikdə, Ukraynanın cəbhədəki mövqeləri, həm uzaqmənzilli sanksiyalarımızda, həm də tərəfdaşlarla birgə nəticələrimizdə son illərin ən yüksək səviyyəsindədir. Biz bu səviyyəni qorumalı və nəticələrə nail olmalıyıq”.

Aysel Mətləb

TodayPress TV

tag: Ukrayna,Rusiya,Zelenski,İspaniya,TodayPress TV,