Tramp Çinə qarşı məhdudiyyətləri yumşaldır

Dünya

09.12.2025 18:45

ABŞ Prezidenti Donald Tramp Çinə süni intellekt çiplərinin ixracı ilə bağlı məhdudiyyətləri qismən yumşaldıb.

TodayPress TV "Reuters"ə  istinadən xəbər verir ki,  Tramp administrasiyası "Nvidia" şirkətinə H200 adlı AI çiplərini Çinə tədarük etməyə icazə verib.

Məlumata görə, hər çatdırılmadan ABŞ büdcəsinə 25% vergi tutulacaq.

Tramp bildirib ki, Çin lideri Si Cinpin qərarı müsbət qarşılayıb. Eyni yanaşmanın AMD və Intel kimi digər istehsalçılara da tətbiq ediləcəyi qeyd olunub. Bununla belə, ən qabaqcıl Blackwell və Rubin çiplərinin Çinə ixracı qadağan olaraq qalır.

H200 çiplərinin tədarükü tam qadağa ilə hərbi risk yaradan qabaqcıl çiplərin ixracı arasında kompromis kimi qiymətləndirilir. ABŞ rəsmilərinə görə, H200-ün Çində mövcudluğu Huawei-nin mövqeyini zəiflədə bilər.

"Nvidia" qərarı “balanslaşdırılmış yanaşma” adlandırıb.

Çiplər yalnız ABŞ Ticarət Departamentinin təsdiqlədiyi müştərilərə göndəriləcək və Tayvandan gətirilib Çinə ixracdan öncə 25% rüsum tutulacaq.

H200 çipinin əvvəlki H20 modelindən təxminən altı dəfə güclü olduğu bildirilir.

Qeyd olunur ki, ABŞ artıq daha qabaqcıl Blackwell çipinin Çinə satışını qadağan edib və yaxın zamanda ölkəyə qeyri-qanuni "Nvidia" çiplərinin tədarükü sxemini də ifşa edib.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ,Çin,Nvidia,Si Cinpin,Todaypress.tv,