Təyyarənin pilləkənində hər şeyi zibilliyə atdılar: ABŞ nədən qorxdu?

Dünya

16.05.2026 16:18

ABŞ rəsmiləri və jurnalistlərin Çin səfərindən sonra "Air Force One" təyyarəsinə hər hansı hədiyyə, döş nişanı və ya müvəqqəti telefon aparması qadağan edilib.

TodayPress TV xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi nümayəndə heyəti Çin hökuməti ilə iki günlük yüksək səviyyəli danışıqlardan sonra Pekini tərk edib.

Təyyarəyə minməzdən əvvəl Ağ Ev rəsmiləri və müxbirlər səfər boyu topladıqları bütün əşyaları təhvil verməli olublar.

"Təyyarəyə Çindən heç bir şey buraxılmır", — deyə "New York Post" qəzetinin Ağ Ev müxbiri Emili Qudin "X" platformasında yazıb.

Onun sözlərinə görə, nümayəndə heyəti Çin tərəfindən verilən döş nişanlarını, vəsiqələri və müvəqqəti istifadə üçün nəzərdə tutulmuş "burner" telefonlarını təyyarənin pilləkanlarının aşağısındakı zibil qutusuna atmalı olublar.

Məlumata görə, nümayəndə heyətinə "Apple"ın rəhbəri Tim Kuk və "Nvidia"nın rəhbəri Censen Huanq kimi tanınmış şəxslər də daxil olub. Fotolarda onların pencəklərinin yaxasında Çin tərəfindən verilmiş nişanlar olduğu görünsə də, təyyarəyə qalxarkən həmin əşyalar dərhal çıxarılıb.

Mütəxəssislər qeyd edir ki, bu sərt qaydalar təhlükəsizlik və casusluq riskləri ilə bağlıdır.

"Hədiyyə edilən əşyaların içərisində dinləmə cihazlarının olması və ya telefonların haker hücumuna məruz qalması ehtimalı olduqca yüksəkdir", — deyə ekspertlər vurğulayıb. 

Qiymət Mahir

tag: ,