Sarkozi kitabında Makronun təklifindən imtina etdiyini açıqladı
Dünya
09.12.2025 15:26
Fransanın sabiq prezidenti Nikola Sarkozi yeni “Məhkumun gündəliyi” adlı kitabında həbsə düşməzdən əvvəl prezident Emmanuel Makronla görüşündən danışıb. O bildirib ki, Makron onun daha təhlükəsiz həbsxanaya keçirilməsi və xüsusi imtiyazlar verilməsi təklif edib, lakin Sarkozi bunlardan imtina edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məlumata görə, kitabda başqa siyasətçilərin də adı çəkilir. Sarkozi ona dəstək verdiyi üçün Marin Le Penə, həbsi barədə danışmadıqları üçün Jan-Lyuk Melenşona təşəkkür edib. O həmçinin qeyd edib ki, keçmiş Baş nazir Mişel Barnier onu həbsxanada ziyarət etmək istəyib.
Sarkozi Liviyanın 2007-ci il seçki kampaniyasının maliyyələşdirilməsi işi üzrə “cinayətkar qruplaşmada iştirak”da təqsirli bilinərək 5 il həbs cəzası alıb. O, oktyabrın 21-də Parisdəki Sante həbsxanasında cəza çəkməyə başlayıb və 21 gün həbsdə qalıb.
Noyabrın 10-da Apellyasiya Məhkəməsi onun həbs-qətimkan tədbirini dəyişdirib və Sarkozi indi məhkəmə nəzarətindədir. Ona ölkəni tərk etmək və bəzi şəxslərlə, o cümlədən ədliyyə naziri ilə əlaqə saxlamaq qadağandır. Onun apellyasiya şikayətinə 2026-cı ilin martında baxılacaq.
Türkan İsgəndərli
tag: Fransa,Sarkozi,Makron,Kitab,Todaypress.tv,
