Putin "nüvə üçlüyü"ndən danışdı: "Mövcud olan müdafiə sistemlərini dəf edəcəyik"
Dünya
13.05.2026 20:14
Rusiya Prezidenti Vladimir Putin Moskva İstilik Texnikası İnstitutunu ziyarət edib və qurumun yaradılmasının 80 illiyi münasibətilə keçirilən mərasimdə çıxış edib.
TodayPress TV xəbər verir ki, İnstitut əməkdaşlarının Rusiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə əvəzsiz töhfə verdiyini vurğulayan Putin, müəssisənin gələcək onilliklər üçün raket sistemləri məktəbi formalaşdırdığını qeyd edib.
Lider, qurumun quruda və dənizdə yerləşdirilən bərk yanacaqlı nüvə raket sistemlərinin ölkədəki aparıcı tərtibatçısı olduğuna diqqət çəkib və institutun digər müdafiə sənayesi müəssisələri ilə birgə fəaliyyəti nəticəsində dünya səviyyəli strateji raket sistemlərinin yaradıldığını və istifadəyə verildiyini bildirib.
"Topol-M", "Yars" və "Bulava-30" sistemlərinin Rusiyanın "nüvə üçlüyü"nün əsasını təşkil etdiyini deyən Putin, hazırlanmış mobil ballistik raket sistemlərinin hazırda növbətçilikdə olduğunu və Ukraynadakı "xüsusi hərbi əməliyyat" zamanı döyüşlərdə effektiv şəkildə istifadə edildiyini vurğulayıb.
“Biz, əlbəttə ki, strateji nüvə qüvvələrimizi modernləşdirməyə və inkişaf etdirməyə, mövcud və gələcək bütün raketdən müdafiə sistemlərini dəf etmək iqtidarında olan, artırılmış döyüş gücünə malik raket sistemləri yaratmağa davam edəcəyik”, - deyə Rusiya Prezidenti əlavə edib.
Aysel Mətləb
tag: Rusiya,Raket,Vladimir Putin,Ukrayna,TodayPress TV,
