Paşinyan bir zəngi gözləyir
Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə ölkənin daxili və xarici siyasətinə dair bir sıra açıqlamalar verib.
TodayPress TV xəbər verir ki, Paşinyan yeni hökumətin tərkibində genişmiqyaslı dəyişikliklərin nəzərdə tutulmadığını bildirib.
Onun sözlərinə görə, yalnız müəyyən istiqamətlər üzrə məhdud kadr dəyişiklikləri mümkün ola bilər.
Baş nazir həmçinin Ermənistan-Türkiyə dəmir yolu əlaqəsinin yaxın vaxtlarda bərpa olunacağına ümid etdiyini qeyd edib. Paşinyan bildirib ki, TRIPP layihəsi çərçivəsində nəqliyyat və logistika imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi gözlənilir.
Rusiya ilə münasibətlərə toxunan Paşinyan vurğulayıb ki, Prezident Vladimir Putinlə səkkiz ildən artıqdır işləyir və onu rasional siyasətçi hesab edir. Onun sözlərinə görə, Moskvanın narahatlıqları olarsa, İrəvan bu məsələlərin həlli üçün dialoqu davam etdirəcək.
Paşinyan əlavə edib ki, Putin hələlik onu təbrik etməyib, lakin bunun baş verəcəyinə ümid edir.
KTMT ilə bağlı suala cavabında isə Ermənistanın Baş naziri bildirib ki, əgər təşkilata üzv ölkələr Ermənistanın qurumdan çıxarılması barədə qərar qəbul etsələr, İrəvan bu qərarı nəzərə almağa məcbur olacaq.