Nobel mükafatları sahiblərinə təqdim edildi
Dünya
11.12.2025 05:23
İsveç kralı XVI Karl Qustav Stokholm Filarmoniyasında tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını təqdim edib.
TodayPress TV xəbər verir ki, 13 laureat monarxın əlindən diplom və qızıl medallar alıb.
2025-ci il fiziologiya və tibb üzrə Nobel mükafatının laureatları periferik immun tolerantlığı ilə bağlı kəşflərinə görə Meri Brunkov, Fred Ramsdell və Simon Sakaguti olublar.
Fizika üzrə mükafat Con Klark, Mişel Devore və Con Martinisə kvant mexanikası sahəsində nailiyyətlərinə - elektrik zəncirində makroskopik kvant-mexaniki tunelləşmə və enerji kvantlaşdırılmasının kəşfinə görə təqdim edilib.
Kimya sahəsində isə Susumu Kitaqava, Riçard Robson və Omar Yaqi metalloorqanik karkasların hazırlanmasına görə mükafatlandırılıblar.
2025-ci il ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçısı Laslo Krasnaxorakaiyə təqdim olunub.
İsveç Dövlət Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi iqtisadiyyat üzrə mükafatın laureatları innovativ iqtisadi artımın izahına görə Coel Mokir, Filip Aqyon və Piter Hauit olublar.
Sülh mükafatı isə Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Osloda Norveç Nobel Komitəsinin sədri Yorgen Vatne Fridnes tərəfindən təqdim edilib. Mükafat laureat Mariya Korina Maçadonun qızı Ana Korina Sosaya verilib.
tag: Nobel, Mükafat,Sahib,Alfred Nobeli, todaypress.tv,
