Moskva və Ankara arasında "qaz davası" - "Rusiya çox bahadır"

Moskva və Ankara arasında "qaz davası" - "Rusiya çox bahadır"
18.11.2026 18:22 Dünya

Qlobal qaz bazarı mövsümi tələbat dəyişiklikləri və geosiyasi proseslər səbəbindən dalğalanmalar yaşadığı bir vaxtda, Rusiyanın qaz tədarükü ətrafında yenidən siyasi-iqtisadi xarakterli sərt bəyanatlar səslənir.

TodayPress TV xəbər verir ki, xüsusilə, Moskva və Ankara ixracın qiyməti və həcmi ilə bağlı müəyyən dərəcədə kəskin bəyanatlarla çıxış ediblər.

İstanbulda jurnalistlərlə görüşü zamanı Türkiyənin energetika naziri Alparslan Bayraktar ölkəsinin Rusiya yanacağının alışını onun həddindən artıq baha olması səbəbindən azaltdığını bildirib:

“Məsələ siyasətdə deyil, qiymətdədir. Rusiya çox bahadır”.

Buna cavab olaraq “Qazprom” konkret statistik məlumatlar açıqlayıb. Şirkətin məlumatına görə, oktyabr ayında Rusiyadan Türkiyəyə boru kəmərləri vasitəsilə qaz tədarükü sentyabr ayı ilə müqayisədə 78% artıb. Həmçinin, noyabrın ilk beş günü ərzində Türkiyənin istehlakçılarına tədarük edilən qazın həcmi oktyabr və sentyabr aylarının müvafiq dövrləri ilə müqayisədə təxminən dörd dəfə çox olub.

Bununla yanaşı, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) statistikası ilk baxışdan nazirin mövqeyini təsdiqləyir. 2026-cı ilin yanvar-sentyabr aylarında Rusiyadan boru kəmərləri vasitəsilə qaz idxalı illik müqayisədə 18,2% azalaraq 13,1 milyard kubmetrə çatıb. Sentyabr ayı üzrə konkret rəqəmlər isə daha kəskin fərqi göstərir: 2025-ci ilin sentyabrında 1,447 milyard kubmetr olan qaz idxalı bu ilin sentyabrında 33,1% azalaraq 0,967 milyard kubmetr təşkil edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər