Meloni sərt tənqid olundu
Dünya
10.12.2025 13:44
İtaliyanın baş naziri Ciorcia Meloninin rəhbərlik etdiyi partiya ölkədə nağd ödənişlər üçün qanuni limiti ikiqat artırmağı təklif edib.
TodayPress TV "Financial Times"a istinadən xəbər verir ki, yeni təşəbbüsə əsasən, hazırkı 5 min avroluq limit 10 min avroya qaldırıla bilər.
Nəşrin məlumatına görə, bunun üçün 5 min avrodan yuxarı məbləğlərə 500 avro “xüsusi rüsum” tətbiq olunması nəzərdə tutulur.
Hakim partiya bildirir ki, bu addım xüsusilə çoxlu nağd pulla ölkəyə gələn xarici turistlərin xərclərini artıracaq və qeyri-rəsmi vəsaitlərin rəsmi iqtisadiyyata cəlb olunmasına kömək edəcək.
Nəşr yazır ki, müxalifət isə bu təşəbbüsü sərt tənqid edib. Onların fikrincə, yeni qayda vergidən yayınmanı və “qara iqtisadiyyat”ı təşviq edəcək. Müxalif siyasətçilər isə bildiriblər ki, bu addımdan əsasən cinayətkar qruplar və vergidən yayınanlar faydalanacaq.
Qeyd olunub ki, Avropa İttifaqı 2027-ci ildən etibarən nağd ödənişlər üçün 10 min avroluq ümumi limit tətbiq edəcək.
Rəsmi məlumatlara görə, İtaliyada 2023-cü ildə gizli iqtisadiyyatın həcmi 217 milyard avro təşkil edib.
Jalə Rövşən
tag: Ciorcia Meloni ,Nağd ödənişlər,Tənqid,İtaliya ,Todaypress.tv,
