Makronun "Hörmüz planı": 50 ölkədən ibarət xüsusi missiya yaradılır
Dünya
13.05.2026 02:00
Fransa Hörmüz boğazında gəmiçiliyin bərpası üçün danışıqlar şəraitinin təmin olunmasına dair BMT-də təşəbbüs irəli sürmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "France 24" telekanalına müsahibəsində bildirib.
"Biz bütün blokadaları aradan qaldırmaqla və İranla tələbkar dialoq aparmaqla Hörmüz boğazının qeyd-şərtsiz və maneəsiz açılmasına nail olmalıyıq. Təklif etmişik ki, bir neçə digər ölkə ilə birlikdə BMT-də təşəbbüslə çıxış edək və İranla münaqişənin nizamlanması üçün tamamilə neytral, dinc çərçivə təklif edək. Biz həmçinin xüsusi missiyanın yaradılmasını təklif edirik ki, bunun üçün Böyük Britaniya ilə birlikdə 50 ölkəni bir araya gətirmişik", - deyə Makron qeyd edib.
Dövlət başçısı Hörmüz boğazının açılmasının "mütləq prioritet" olduğunu vurğulayaraq, Fransanın bu məsələnin digər ixtilaflar həll olunana qədər nizamlanmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, bundan sonra İran və ABŞ arasında "Avropa üçlüyü"nün (Böyük Britaniya, Almaniya və Fransa) iştirakı ilə nüvə və raket proqramları üzrə dialoq bərpa edilməlidir.
Aysel Mətləb
tag: Fransa,Hörmüz,BMT,Emmanuel Makron,TodayPress TV,
