Litva hava şarlarına görə fövqəladə vəziyyət elan etdi

Dünya

09.12.2025 17:16

Litva hökuməti Belarusdan qaçaqmal daşıdığı iddia edilən hava şarlarına görə bütün ölkə üzrə fövqəladə vəziyyət elan edib. 

TodayPress TV xəbər verir ki, bu qərar dekabrın 9-da hökumətin iclasında qəbul olunub.

Rəsmi qurumlar bildirir ki, fövqəladə vəziyyət sakinlər üçün əlavə narahatlıq yaratmayacaq, əksinə təhlükəsizliyi təmin etmək üçün qüvvələrin daha səmərəli fəaliyyətinə imkan verəcək. Bu çərçivədə sənədlərin və nəqliyyat vasitələrinin yoxlanılması, bəzi ərazilərə girişə məhdudiyyətlər və hərəkətə qadağalar tətbiq oluna bilər. Hərbçilərin də prosesə cəlb edilməsi nəzərdə tutulur.

Hökumət qərarına görə, qaçaqmalçılığı təşkil edənlər görülən tədbirlərə uyğunlaşır və fövqəladə vəziyyət yalnız bir bölgədə tətbiq edilsə, onlar fəaliyyətlərini başqa ərazilərə keçirə bilərlər.

Son aylarda Litva səmasında Belarusdan göndərildiyi iddia olunan qaçaqmal yüklü hava şarları dəfələrlə qeydə alınıb. Bu səbəbdən bəzi hava limanları fəaliyyətini müvəqqəti dayandırıb.

Xatırladaq ki, Litva oktyabrın sonunda Belarusla quru sərhədini bağlayıb. Myadininka və Şalçininka keçid məntəqələrində bağlanma səbəbindən mindən çox yük maşını Belarusda qalıb. Sərhəd məntəqələrinin işinin noyabrın 30-dan əvvəl bərpa olunmasına qərar verilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Litva,Belarus,Qaçaqmal,Şar,Todaypress.tv,