Kruizdə epidemiya: yüzlərlə sərnişin təcrid olundu

Dünya

13.05.2026 16:34

Bordo şəhərində kruiz gəmisində bir sərnişinin norovirus infeksiyası şübhəsi ilə ölməsindən sonra 1700-dən çox insan karantinə alınıb.

TodayPress TV xəbər verir ki, Bordo limanında lövbər salmış kruiz gəmisində şübhəli norovirus halları ilə başlayan epidemiya 90 yaşlı sərnişinin ölümündən sonra daha da ciddi xarakter alıb.

Səhiyyə rəsmilərinin məlumatına görə, təxminən 50 sərnişində ürəkbulanma, qusma və ishal əlamətləri müşahidə olunub. Gəmidə olan 1700-dən çox şəxsin karantinə alındığı bildirilib. Karantin müddətinin nə vaxt başa çatacağı ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd olunub ki, norovirus kruiz gəmilərində mədə-bağırsaq infeksiyalarının ən geniş yayılmış səbəblərindən biridir. Virus çirklənmiş qida və su, eləcə də qapı tutacaqları və məhəccərlər kimi tez-tez təmas olunan səthlər vasitəsilə sürətlə yayıla bilir. Mütəxəssislər bildirirlər ki, simptomlar adətən 1-3 gün ərzində keçsə də, qapalı və izdihamlı mühitlərdə yoluxma sürəti yüksək olur.

Məlumata görə, eyni dövrdə Karib dənizində üzən “Caribbean Princess” kruiz gəmisində də oxşar vəziyyət yaranıb. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına əsasən, gəmidə 102 sərnişin və 13 heyət üzvündə norovirus simptomları aşkarlanıb. Yoluxduğu ehtimal olunan şəxslər təcrid olunub, gəmidə dezinfeksiya işləri aparılıb.

Mütəxəssislər kruiz gəmilərinin yüksək sərnişin sıxlığı, ortaq istifadə zonaları və qapalı məkanlar səbəbindən epidemiyalar üçün əlverişli mühit yaratdığını vurğulayırlar.

Səhiyyə orqanları bildirir ki, norovirus sağlam insanlarda adətən həyati təhlükə yaratmasa da, yaşlı şəxslər və xroniki xəstəliyi olan insanlar üçün ciddi risk yarada bilər. Bordoda ölən sərnişinin ölüm səbəbi ilə virus arasında əlaqənin olub-olmaması araşdırılır.

Nicat Osmanlı

TodayPress TV

tag: Kruiz,Epidemiya,Karantin,Norovirus,Todaypress.tv,