"Hizbullah"a xəbərdarlıq edildi
Dünya
25.02.2026 17:52
Beyrutdakı mərkəzi hökumət beynəlxalq vasitəçilər vasitəsilə İsraildən xəbərdarlıq alıb.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Yusif Raci fevralın 24-də Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində bildirib.
Nazirin sözlərinə görə, İsrail tərəfi yeni müharibənin əvvəlkilərdən daha dağıdıcı olacağı və zərbələrin hədəflərindən birinin Beyrutdakı Rafiq Həriri Beynəlxalq Hava Limanı ola biləcəyi barədə məlumat verib.
Raci qeyd edib ki, Livan hökuməti artıq "Hizbullah" rəhbərliyinə müraciət edərək mülki əhalini risk altına ata biləcək addımlardan çəkinməyi xahiş edib. Eyni zamanda Beyrut Qərb ölkələri və regional tərəfdaşlarla təmasları gücləndirib ki, mümkün eskalasiya halında Livanın mülki infrastrukturunun hədəf alınmasının qarşısı alınsın.
İsrail kəşfiyyatının məlumatına görə, İran son aylarda "Hizbullah"a dəstəyi artırıb. ABŞ isə təhlükəsizlik risklərini əsas gətirərək Livandakı vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib və Beyrutdakı səfirliyində adi konsulluq xidmətlərini müvəqqəti dayandırıb.
Eyni zamanda İsrail hökumətinin "Hizbullah"a qarşı ya məhdud qabaqlayıcı zərbələr, ya da daha genişmiqyaslı hərbi əməliyyat variantlarını nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp isə İranla bağlı danışıqlara üstünlük verdiyini desə də, Tehranın heç vaxt nüvə silahına sahib olmamalı olduğunu vurğulayıb.
Jalə Rövşən
tag: Hizbullah ,Donald Tramp ,Livan ,Yusif Raci ,Todaypress.tv,
