Duma sədri elə bir bəyanat yaydı ki... Ermənistan üçün Ukrayna ssenarisi işə düşdü?

Dünya

16.05.2026 12:11

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanın Baş naziri Nikol Paşinyanın yürütdüyü siyasətin erməni cəmiyyətində parçalanmaya səbəb olduğunu bildirib və mövcud vəziyyəti Ukrayna ilə müqayisə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının sədri bəyanat yayıb.

Bildirilib ki, Volodin Ermənistanda tarixin yenidən yazılması, milli və ənənəvi dəyərlərin sarsıdılması cəhdlərinin artıq müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, erməni xalqına Qərbin liberal dəyərləri aşılanır və ölkədə kilsəyə qarşı təqiblər həyata keçirilir

Məlumata görə, spiker bütün bunların cəmiyyətdə parçalanmaya gətirib çıxardığını qeyd edib. Onun fikrincə, bu, Ermənistanın üzləşə biləcəyi ən böyük itkidir – yəni birliyin itirilməsidir.

Duma sədri əlavə edib ki, bir çox ölkələrdə böyük problemlər məhz bu cür proseslərlə başlayıb və burada istər-istəməz Ukrayna və 2014-cü ildə orada baş verən hadisələrlə paralellər yaranır.

Qeyd edək ki, son dövrlərdə İrəvan və Moskva arasında münasibətlərdə fərqli platformalarda gərginlik və qarşılıqlı ittihamlar artmaqda davam edir.

Qiymət Mahir

tag: ,