Azərbaycan-Fransa münasibətləri necə dəyişəcək? – RƏY
Dünya
14.02.2026 21:53
“Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın “France 24” telekanalına verdiyi müsahibədə regionda gedən proseslər, Azərbaycan-ABŞ münasibətləri, sülh prosesi və Fransa-Azərbaycan əlaqələri diqqət mərkəzində saxlanılıb”.
Milli Məclisin deputatı Elman Nəsirov bunu Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Fransanın “France 24” telekanalına verdiyi müsahibəni TodayPress TV-yə şərh edərkən bildirib.

Millət vəkilinin sözlərinə görə, Fransa ilə münasibətlər müharibəyə qədər yaxşı səviyyədə olub, keçmiş prezidentlər Nikola Sarkozi və Fransua Ollandın dövründə qarşılıqlı səfərlər və sıx təmaslar həyata keçirilib, iki ölkənin ondan artıq şəhəri arasında qardaşlaşmış şəhər statusu yaradılıb.

“İkinci Qarabağ müharibəsi və ondan sonrakı mərhələdə Fransanın anti-Azərbaycan siyasəti münasibətlərdə gərginliyə səbəb olub və rəsmi Bakı bu vəziyyətə görə məsuliyyət daşımır. Həmçinin Ermənistan dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımadığı halda, Fransa parlamenti belə bir addım atmışdı ki, bu da Azərbaycana qarşı qərəzli siyasətin göstəricisi idi”, - deyə E. Nəsirov izah edib.
Parlamentari əlavə edib ki, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən görüşü çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə qısa təmas olub.

Deputat vurğulayıb ki, Azərbaycan Fransa ilə münasibətlərin normal səviyyədə inkişafında maraqlıdır. Rəsmi Bakı heç bir ölkə, o cümlədən Fransa ilə problem yaşamaq istəmir və münasibətlərin regionda sülh və təhlükəsizliyə xidmət etməsini arzulayır.
Aysel Mətləb
tag: Elman Nəsirov,Prezident,İlham Əliyev,Fransa,Azərbaycan,Todaypress.tv,
