Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi

Dünya

12.02.2026 04:33

Avropa Parlamentinin üzvləri Ukraynaya 90 milyard avroluq kredit xəttinin verilməsinin lehinə səs veriblər.

TodayPress TV xəbər verir ki, Avropa İttifaqının (Aİ) qanunvericilik orqanının rəhbəri Roberta Metsola bu barədə məlumatı təsdiqləyib.

"Bu gün keçirilən 90 milyard avroluq kreditin təsdiqlənməsi ilə bağlı mühüm səsvermə Ukraynaya həyati dəstək verdi", - deyə Roberta Metsola öz "X" hesabında yazıb.

Avropa Parlamentinin rəsmi saytında dərc olunan məlumata görə, 30 milyard avro məbləğində vəsait Kiyevə "Ukraine Facility" mexanizmi çərçivəsində makromaliyyə yardımı və ya dövlət büdcəsinin dəstəklənməsi şəklində ayrılacaq. Qalan 60 milyard avronun ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi texnikanın əldə edilməsi üçün planlaşdırılır. Silah alarkən Ukrayna yerli istehsalçılara, eləcə də Aİ ölkələrindən, Avropa İqtisadi Bölgəsindən və Avropa Azad Ticarət Assosiasiyasından olan təchizatçılara üstünlük verməyə borcludur.

"Əgər müəyyən müdafiə materialları həmin ölkələrdə Ukraynaya təcili çatdırılma üçün dərhal mövcud deyilsə, digər ölkələrdən tədarük üçün bir sıra hədəflənmiş güzəştlər tətbiq olunacaq", - deyə Avropa Parlamentindən bildirilib.

Nəşrdə vurğulanır ki, maliyyələşdirmə Ukraynanın demokratik idarəetmə prinsiplərinə sadiq qalması, qanunun aliliyi və azlıqların hüquqları da daxil olmaqla, insan hüquqlarının qorunmasını əhatə edən "sərt şərtlər" altında təmin ediləcək.

Yardımın göstərilməsi Ukraynanın maliyyə ehtiyaclarından asılı olacaq. Qeyd olunur ki, ödəniş strategiyası Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməlidir. Avropa Parlamentindən bildirilib ki, 2026-cı ilin ikinci rübünün əvvəlində köçürüləcək ilk tranş üçün Şura dəstək paketi ilə bağlı razılığa gəlməlidir.

Ukraynaya kreditin verilməsinin lehinə Avropa Parlamentinin 458 üzvü səs verib. 140 parlamentari əleyhinə səs verib, 44 nəfər isə bitərəf qalıb.

TodayPress TV

tag: Avropa Parlamenti, Ukrayna, Kredit, Avropa İttifaqı, todaypress.tv,