Atəşkəs üçün ağır şərtlər: ABŞ və İran arasında kritik siyahı yayıldı
Dünya
17.05.2026 14:49
ABŞ və İran arasında mümkün danışıqlarla bağlı tərəflərin irəli sürdüyü şərtlər məlum olub.
TodayPress TV xəbər verir ki, “Fars” agentliyinin yaydığı məlumata görə, ABŞ danışıqlar çərçivəsində İran qarşısında bir sıra sərt tələblər irəli sürüb. Bildirilir ki, Vaşinqton Tehrana heç bir kompensasiya və ya zərər ödənişinin edilməyəcəyini, 400 kiloqram uranın ABŞ-yə təhvil verilməsini, yalnız bir nüvə obyektinin fəaliyyətinə icazə verilməsini tələb edir.
Bundan əlavə, İranın dondurulmuş aktivlərinin azad edilməsinin nəzərdə tutulmadığı, həmçinin mümkün atəşkəsin danışıqların nəticəsindən asılı olacağı və bununla bağlı hər hansı zəmanətin verilmədiyi qeyd olunur.
Məlumata əsasən, rəsmi Tehranın danışıqlara başlamaq üçün irəli sürdüyü ilkin şərtlər də açıqlanıb.
İran bütün cəbhələrdə, xüsusilə Livan istiqamətində tam atəşkəsin təmin olunmasını, ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların ləğvini və dondurulmuş aktivlərin azad edilməsini tələb edir.
Eyni zamanda, Tehran müharibə nəticəsində dəyən zərərlərə görə kompensasiya ödənilməsini və Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınmasını danışıqlar üçün əsas şərtlərdən biri kimi irəli sürür.
tag: İran,ABŞ İran,İsrail,Hörmüz,Todaypress.tv,
