Alimlər yadplanetlilərin Yeri necə tapa biləcəyini açıqladı

Dünya

07.12.2025 15:00

Alimlər yadplanetli sivilizasiyaların Yer kürəsini hansı yollarla aşkar edə biləcəyini araşdırıblar.

TodayPress TV xəbər verir ki, tədqiqat "Astrophysical Journal Letters" jurnalında dərc olunub.

Beynəlxalq alimlər qrupu Yer sivilizasiyasının min il sonra necə inkişaf edə biləcəyini modelləşdirib və bu inkişafın kosmosdan hansı izlər buraxacağını araşdırıb. Tədqiqatda bəşəriyyətin 10 fərqli inkişaf ssenarisi təsvir edilib – güclü sənaye çirklənməsi olan dünyadan tutmuş ekoloji cəhətdən davamlı planetə qədər. Bütün ssenarilərdə insan sivilizasiyasının məhv olmadığı qəbul edilib.

Hesablamalara görə, gələcəkdə yaradılacaq güclü teleskoplar Yer tipli planetlərin atmosferində azot dioksid kimi sənaye çirkləndiricilərini, süni kimyəvi maddələri, hətta nəhəng şəhərlərin işıq izlərini belə aşkar edə bilər. Xüsusilə planlaşdırılan Yaşayış Dünyaları Rəsədxanasının atmosferdə texnoloji fəaliyyətə işarə edən maddələri müəyyən etmək imkanına malik olacağı bildirilir.

Alimlər qeyd ediblər ki, radioteleskoplar vasitəsilə ötürülən siqnallar yalnız birbaşa Yerə yönəldildiyi halda aşkar edilə bilər. Həmçinin gələcəkdə Günəşin qravitasiya effektindən istifadə edən xüsusi kosmik missiya ilə uzaq planetlərin hətta görüntüsünü əldə etmək mümkün ola bilər.

Tədqiqat müəllifləri vurğulayıblar ki, bu araşdırma real yadplanetli kəşfi demək deyil. Məqsəd gələcək teleskopların hansı texnoloji izləri axtarmalı olduğunu əvvəlcədən müəyyənləşdirmək və kosmos müşahidələrini daha səmərəli planlaşdırmaqdır.

Jalə Rövşən 

TodayPress TV

tag: Alim,Yadplanetli,Tədqiqat,Yer,Todaypress.tv,