AEBA rəhbəri BMT-nin yeni baş katibi olur? - Qrossi iddialı danışdı
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi BMT-nin yeni baş katibi olmaq şansları ilə bağlı nikbin olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, AEBA-nın mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.
“Bütün məsələlər BMT Təhlükəsizlik Şurasının üzvlərinin əlindədir. Namizəd kimi yalnız onu deyə bilərəm ki, biz onların qərarından asılıyıq və əsaslı keçid dövrünü təmin etmək üçün bu qərarın yaxın vaxtlarda qəbul ediləcəyinə ümid edirik. Mən nikbinəm”, – deyə o vurğulayıb.
Qrossinin sözlərinə görə, qərarın qəbulu üçün ayrılan vaxt başa çatmaq üzrədir.
2026-cı ildə baş katib postuna Qrossi (Argentina), BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan (Kosta-Rika), Çilinin keçmiş prezidenti və 2018–2022-ci illərdə BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Mişel Baçelet, Seneqalın keçmiş prezidenti Maki Sall, Ekvadorun keçmiş xarici işlər naziri və müdafiə naziri Mariya Fernanda Espinosa Qarses, Qayananın BMT-dəki daimi nümayəndəsi Kerolayn Rodriqes-Birkett, həmçinin Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri İvon Bakki namizəddirlər.
Aysel Mətləb