ABŞ cinayətlərdə iştirak edənlərlə bağlı portal istifadəyə verdi
Dünya
09.12.2025 17:21
ABŞ Daxili Təhlükəsizlik Departamenti qeyri-qanuni immiqrantlarla mübarizə çərçivəsində yeni ictimai portal açıb. Portalda hüquq-mühafizə orqanları tərəfindən cinayətlərə görə həbs edilmiş təxminən 10 min miqrant haqqında məlumat yer alır.
TodayPress TV xəbər verir ki, bu barədə departament məlumat yayıb.
Departament bildirir ki, bu sistem amerikalıların yaşadıqları bölgələrdə təhlükə yarada biləcək şəxslər barədə məlumat əldə etməsinə şərait yaradır. Portalda saxlanılan şəxslərin adları, mənşə ölkələri, hansı cinayətlərdə ittiham olunduqları və həbs olunduqları yerlər göstərilir. Bir çox qeydlərdə həmin şəxslərin fotoşəkilləri də var.
Axtarış sistemi 160-dan çox ölkəni əhatə edir. Buraya Afrika, Asiya, Avropa, Cənubi Amerika ölkələri, həmçinin Yuqoslaviya kimi artıq mövcud olmayan dövlətin ayrıca kateqoriya kimi qeyd olunması daxildir.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl ölkəyə 25 milyonadək insanın qeyri-qanuni daxil olduğunu bildirib və immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. O, hakimiyyətə gəldikdən sonra Meksika sərhədində fövqəladə vəziyyət elan edib və qeyri-qanuni miqrantların deportasiyası üçün genişmiqyaslı əməliyyat planlaşdırdığını deyib.
Türkan İsgəndərli
tag: ABŞ,Miqrant,Departament,Cinayət,Todaypress.tv,
