WUF13-ün Könüllülük Proqramının müsahibə mərhələsi başladı
Cəmiyyət
14.01.2026 11:13
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən Könüllülük Proqramı üzrə müsahibə mərhələsinə start verilib.
TodayPress TV xəbər verir ki, proqrama qatılmaq üçün müraciət edən 16 min namizəd arasından ilkin seçim mərhələsini uğurla keçən təxminən 10 min nəfərin müsahibələrə dəvət olunması nəzərdə tutulur.
Ümumi müraciətlərin təxminən 1500-nü xarici ölkə vətəndaşları edib.
Müsahibə mərhələsi WUF13 çərçivəsində peşəkar, məsuliyyətli və yüksək motivasiyaya malik könüllü heyətin formalaşdırılması istiqamətində mühüm addım hesab olunur. Bu mərhələnin əsas məqsədi namizədlərin bilik və bacarıqlarını, ünsiyyət və komanda işi üzrə hazırlıq səviyyəsini, eləcə də motivasiyalarını qiymətləndirməkdir.
Müsahibələr mərhələli şəkildə keçiriləcək və seçim prosesi şəffaf, obyektiv və ədalətli prinsiplər əsasında aparılacaq.
Bu mərhələni uğurla başa vuran namizədlər təlim proqramına cəlb ediləcəklər. 2026-cı ilin yanvar–aprel aylarını əhatə edəcək bu proqram üç əsas istiqamət üzrə hazırlanıb. Buraya ümumi məlumatlandırma, iş bölgüsü və məkan üzrə hazırlıq daxildir. Təlimlər könüllülərin Forum müddətində öz vəzifələrini effektiv və peşəkar şəkildə icra etmələrinə imkan yaradacaq. Təlim proqramını uğurla tamamlayan 2500 könüllü Ümumdünya Şəhərsalma Forumunun müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərəcək.
WUF13 könüllüləri tədbir müddətində qonaqların qarşılanması və qeydiyyat prosesinə dəstək göstərilməsi, informasiya xidmətlərinin təşkili, sessiya və sərgi məkanlarında təşkilati işlərə yardım, mədəni proqramların koordinasiyası və digər mühüm istiqamətlər üzrə cəlb olunacaqlar.
Könüllülük Proqramı gənclərin bilik və bacarıqlarının inkişafına, beynəlxalq təcrübə qazanmasına və çoxmədəniyyətli mühitdə əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu il mayın 17-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək. WUF13 hər kəs üçün açıq beynəlxalq platformadır və tədbirdə iştirak ödənişsizdir. WUF13-ə qatılmaq üçün qeydiyyat prosesi ötən ilin sentyabr ayından etibarən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmi internet səhifəsi vasitəsilə həyata keçirilir.
tag: WUF13,Könüllülük Proqramı,Müsahibə mərhələsi,Start,Todaypress.tv,
