Velosiped bölmələri nə işə yarayacaq?
Cəmiyyət
08.01.2026 16:21
Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin təhlükəsizliyinin artırılması istiqamətində növbəti addım atılıb. Şəhərin 47 yolayrıcında mövcud işıaforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə açıqlamasında bu yeniliyin müasir şəhər nəqliyyatı üçün vacib və zəruri addım olduğunu bildirib.

Onun sözlərinə görə, işıqforlarda velosiped bölmələrinin yaradılması artıq bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan praktikadır və əsas məqsəd yol hərəkəti iştirakçılarını mümkün qəza risklərindən qorumaqdır:
"Bu yanaşma xüsusilə velosiped və elektrikli skuter istifadəçilərinin təhlükəsizliyini artırır. Velosiped bölmələri sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq edir və onları digər nəqliyyat vasitələrindən, əsasən avtomobillərdən daha yaxşı qorumağa imkan yaradır".
Ekspertin fikrincə, Azərbaycanda velosiped zolaqları və bu tip infrastruktur elementləri hələ yeni formalaşır:
"Buna görə də işıqforlarda velosiped bölmələrinin tətbiqi şəhər nəqliyyatında yeni mərhələ kimi dəyərləndirilə bilər. Zamanla bu sistem öz effektivliyini göstərəcək və yol hərəkətində nizam-intizamın artmasına müsbət təsir edəcək".
Eldəniz Cəfərov əlavə edib ki, bu cür yeniliklər təkcə velosipedçilərin deyil, ümumilikdə bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına xidmət edir və Bakının daha təhlükəsiz və müasir nəqliyyat sisteminə keçidini sürətləndirir.
Türkan İsgəndərli
tag: Eldəniz Cəfərov,Ekspert,Velosiped,Nəqliyyat,Todaypress.tv,
