TƏCİLİ! Ət və süd məhsulları bahalaşacaq

Cəmiyyət

08.01.2026 17:17

Son üç ildə Azərbaycanda heyvandarlıq sektorunda nəzərəçarpacaq azalma müşahidə olunur. Rəsmi statistikaya görə, bu dövrdə iribuynuzlu mal-qaranın sayı 200 mindən çox, qoyun-keçi isə təxminən 1,5 milyon baş azalıb.

İqtisadçı Rəşad Həsənov TodayPress TV-yə bildirib ki, azalma olsa da, kəskin düşüşün əsas səbəbi son illərdə statistikanın təkmilləşdirilməsi və qeydiyyatın düzgün aparılması ilə bağlı görülən tədbirlərdir.


O, açıqlanan göstəricilərin real vəziyyəti tam əks etdirmədiyini vurğulayıb:

"Xəyali sayların təmizlənməsi birdən-birə göstəricilərdə kəskin azalmanı şərtləndirir. Amma ət və süd istehsalına baxanda kiçik də olsa artımlar müşahidə olunur. Yəni azalma son məhsul – süd və ət istehsalında özünü tam göstərmir. Bunun səbəblərindən biri məhsuldarlığa əsaslanan təsərrüfatların sayının artmasıdır ki, bu da ümumi göstəricilərə təsir edir".

İqtisadçı əlavə edib ki, qeyri-dəqiq məlumatların dəqiqləşdirilməsi də göstəricilərə təsir göstərir. Buna baxmayaraq, vəziyyət qənaətbəxş deyil:

"Xüsusilə işğaldan azad olunmuş ərazilərdə böyük heyvandarlıq potensialı mövcuddur, bu sahənin inkişafı üçün imkanlar var və proses artıq beş ildir ki, başlanıb. Bu resursların iqtisadiyyata cəlb edilməməsi isə uğursuzluğun nəticəsidir. Çünki həmin bölgələrin resursları kənd təsərrüfatında ciddi artımla nəticələnməli idi. Təbii ki, obyektiv amillər var, amma digər təsir müvafiq siyasətlərin adekvat olmamasından qaynaqlanır".

Ekspert vurğulayıb ki, məhsul buraxılışı azalır və ya təklif tələbi qarşılamırsa, bu, qaçılmaz olaraq qiymət artımlarına səbəb olur:

"Son illərdə xarici bazarlardakı vəziyyət də əlverişli deyil. Hətta çatışmazlıqlar idxal hesabına kompensasiya olunsa belə, bazarda qiymət təzyiqlərini tam neytrallaşdıra bilməz", - Rəşad Həsənov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rəşad Həsənov,Ekspert,Ət,Süd,Todaypress.tv,