“Quru sərhədlərin açılması yubanacaq” - Razi Nurullayev
Cəmiyyət
14.01.2026 17:25
“Quru sərhədlər açılması təkcə gediş-gəliş məsələsi deyil. Bu, ticarət, iş yerləri, qiymətlərin ucuzlaşması, bazarda rəqabətin artması deməkdir. Bir sözlə, bu addım həm vətəndaşın gündəlik dolanışığına, həm də ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər”.
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, quru sərhədlərin uzun müddətdir bağlı qalması cəmiyyətimizdə haqlı narahatlıq yaradıb. Xüsusilə də bölgələrdə yaşayan vətəndaşlar, kiçik sahibkarlar, yükdaşıma ilə məşğul olanlar, eləcə də ailə əlaqələri olan insanlar bu məhdudiyyətin təsirini hər gün hiss edirlər:
“Hamı yaxşı başa düşür ki, normal həyat və iqtisadi canlanma üçün sərhədlərin açılması vacibdir. Amma reallıq da var. İranda hazırda baş verən hadisələr və oradakı qeyri-sabit vəziyyət, o cümlədən Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik məsələləri ön plana çıxır. Məhz bu səbəblərdən mənə belə gəlir ki, quru sərhədlərin bağlı qalma müddəti uzadılır”.
Deputat əlavə edib ki, əgər İranda vəziyyət bu cür gərgin şəkildə davam edərsə, sərhədlərin açılması ilə bağlı əvvəldən müzakirə olunan planlar da böyük ehtimalla təxirə düşəcək. Bu isə o deməkdir ki, cəmiyyətin gözlədiyi açılış bir qədər də yubana bilər”.
“Ümid edirik ki, regionda tezliklə sabitlik yaranacaq və təhlükəsizlik riskləri aradan qalxacaq. Çünki həm dövlət, həm də xalq üçün ən arzuolunan variant quru sərhədlərin təhlükəsiz şəkildə açılması, insanların rahat hərəkət edə bilməsi və iqtisadi həyatın yenidən canlanmasıdır”, - deyə parlamentari fikrini tamamlayıb.
Xatırladaq ki, Tehranda dekabrın 28-də mağaza satıcıları tərəfindən rialın devalvasiyasına qarşı başlanan etirazlar hazırda bütün ölkəyə yayılıb.
Türkan İsgəndərli
tag: Razi Nurullayev,Deputat,Quru sərhədləri,Açıqlama,Todaypress.tv,
