Prokurorluğa qəbul edilənlərin andiçmə mərasimi keçirildi

Cəmiyyət

13.01.2026 17:33

Yanvarın 13-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Ümummilli lider Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil qoyub. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralılara şəfa dilənib.

Tədbirdə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri, prokurorluq əməkdaşları, prokurorluğun veteranları ilə yanaşı, fəxri qonaq qismində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, heykəltaraş Ömər Eldarov, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, əməkdar memar Elbay Qasımzadə istirak edib.

Tədbirdə çıxış edən Baş prokuror bildirib ki, ötən il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xüsusi məna kəsb edir. Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil dövlətçilik tariximizin əsas sütunlarına verilən ali dəyərin bariz ifadəsidir.

Bildirildi ki, 2020-ci ildə Vətən müharibəsinin başaçatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri 2023-cü ildə, 2 nəfəri 2024-cü ildə, 1 nəfəri isə 2025-ci ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 15 aprel 2025-ci il tarixdə elan edilmiş 27-ci müsabiqənin nəticələri üzrə 51 gənc hüquqşünas qulluğa qəbul olunub.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr Baş prokuror tərəfindən təqdim olunub.

Tədbirdə çıxış edən Fərhad Bədəlbəyli və Elbay Qasımzadə işə qəbul olunan gənc əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, prokurorluq orqanlarının dövlət müstəqilliyimizin, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində xüsusi yerə malik olduğunu bildirib.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Nərmin Həmzəyeva və Orxan Səhratzadə çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə ölkə başçısına öz minnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik etmiş, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

TodayPress TV

tag: Baş prokurorluq,Andiçmə,İş,Qəbul,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo