Mobil operatorlar şikayətçiləri aldadır - AİB sədri
Cəmiyyət
14.01.2026 18:24
Azərbaycanda mobil operatorların fəaliyyəti əhali arasında ciddi narazılıq doğurur.
Bu barədə TodayPress TV-yə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, hər həftə üç-dörd telefon zəngi mobil operatorların istehlakçı hüquqlarını pozması ilə bağlı daxil olur.
Onun sözlərinə görə, şikayətlərin böyük hissəsi texniki xarakter daşıyır və bu da vətəndaşların problemlərini daha da ağırlaşdırır:
“Zəng edən şikayətçilərin təxminən 80 faizi bildirir ki, servis xidmətlərinə müraciət etdikdə onlarla elə texniki dildə danışılır ki, heç nə başa düşmürlər. Nəticədə sadəcə "hə-hə" deyib çıxıb getməyə məcbur olurlar. Mobil operatorlar üstün mövqelərindən istifadə edərək istehlakçı hüquqlarını pozurlar. İndiyədək mobil operatorların heç birinin ictimaiyyətlə əlaqələrə cavabdeh şəxsi ilə görüşmək mümkün olmayıb və şikayətləri danışıqlar yolu ilə həll etmək cəhdləri nəticəsiz qalıb. Bu, çox təəssüf doğurur. Nəticədə bu sahədə ciddi istehlakçı problemləri yaranır. Üstəlik, vətəndaşlar çox vaxt problem yarandıqda hara müraciət etməli olduqlarını bilmirlər”.
Birlik sədri vurğulayıb ki, istehlakçıların bilməli olduğu əsas məqam odur ki, onların hüquqlarını qoruyan rəsmi dövlət qurumu mövcuddur:
“İstehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə birbaşa 012 599 76 00 telefon nömrəsi vasitəsilə və ya yazılı ərizə ilə müraciət edə bilərlər. Mobil operatorlar tez-tez aksiyaları və tarifləri ləğv edir və ya bahalaşdırırlar. Bazara yeni oyunçular daxil olmalıdır ki, rəqabət yaransın və qiymətlər aşağı düşsün. Bir çox ölkələrdə ölkədaxili zənglər həftəsonları pulsuzdur, yazışmalar ödənişsiz həyata keçirilir. Bizdə isə əsas məqsəd istehlakçılardan daha çox pul çıxarmaqdır”.
Eyyub Hüseynov əlavə edib ki, mobil rabitə sektorunda aldadılma halları da az deyil və bu sahədə həqiqətən ciddi problemlər mövcuddur.
Qeyd edək ki, “Azercell”in ötən il SIM-kredit xidmət haqqının artırılması ilə bağlı qəbul etdiyi qərar yanvarın 13-dən etibarən qüvvəyə minib. Qərara əsasən, bu tarixdən başlayaraq 1 manatlıq SIM-kredit üçün xidmət haqqı 0,20 manatdan 0,30 manata, 2 manatlıq SIM-kredit və SIM-taksit üçün 0,40 manatdan 0,60 manata, 3 manatlıq SIM-kredit üçün isə 0,60 manatdan 0,90 manata qaldırılıb.
Türkan İsgəndərli
tag: Azad İstehlakçılar Birliyi,Eyyub Hüseynov ,Mobil operator,Şirkət,Todaypress.tv,
