Millət vəkilindən aparıcıya CAVAB: "Bölgələrdən Bakıya gələn gəncləri hədəf almaq yanlışdır"
Cəmiyyət
08.01.2026 14:31
“Space TV”də yayımlanan “Gəl danış” verilişinin aparıcısı Amil Xəlilin fikirləri cəmiyyətdə narazılığa səbəb olub. Belə ki, o, bölgələrdə yaşayan ailələrin, xüsusilə də qız övladlarını Bakıda yerləşən universitetlərə göndərməsini tənqid edib. Aparıcı, bu vəziyyətin bir sıra sosial və mənəvi problemlərə yol açdığını iddia edib.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, bu mövzuya emosiyalarla yox, məntiqlə yanaşmaq lazımdır:
"Əvvəla, gəlin, ayrı-ayrı neqativ halları ümumiləşdirib bütün bölgələrdən Bakıya oxumağa gələn gənclərə, xüsusilə qızlara şamil etməyək. Tərbiyə anlayışı coğrafiya ilə ölçülmür. Nə şəhər insanı avtomatik olaraq daha tərbiyəli, nə də kənddən gələn gənc az tərbiyəli sayılmalıdır. Tərbiyə ailədən, dəyərlərdən, mühitdən və şəxsi məsuliyyətdən formalaşır.
Problem gənclərin haradan gəldiyində yox, onlara necə nəzarət və dəstək mexanizmlərinin qurulmasındadır. Bakıda doğulub-böyüyən gənclər arasında da eyni davranışlar var. Deməli məsələ “rayon-şəhər” qarşıdurması deyil".
Deputat əlavə edib ki, əgər narahatlıq sosial və mənəvi risklərlə bağlıdırsa, çıxış yolu qadağalar yox, sistemli yanaşma olmalıdır.
Onun sözlərinə görə, universitetlərdə tələbə nəzarətinin gücləndirilməsi, yataqxana şəraitinin yaxşılaşdırılması, psixoloji və sosial dəstək mexanizmlərinin qurulması, valideyn-təhsil müəssisəsi əlaqəsinin möhkəmləndirilməsi vacib amillərdir:
"Gənci qorumağın yolu onu evdə dustaq etmək yox, məsuliyyətli və şüurlu fərd kimi yetişdirməkdir. Nəticə olaraq, təhsil almaq hüququ regiona və cinsə görə müzakirə mövzusu olmamalıdır. Ayrı-ayrı mənfi nümunələrə görə bütöv gəncliyi hədəfə almaq da olmaz. Cəmiyyət olaraq biz səbəblərin üstünə getməliyik, insanların yox", - deyə parlamentari fikrini sonlandırıb.
Türkan İsgəndərli
tag: Razi Nurullayev,Deputat,Amil Xəlil,Cavab,Todaypress.tv,
