Kartla ödənişlərdə niyə problemlər yaranır?
Cəmiyyət
08.01.2026 14:19
"Kartla ödənişlə bağlı çətinliklər təkcə taksi sahəsində deyil, bəzi mağaza və xidmət obyektlərində də müşahidə olunur".
Nəqliyyat eksperti Adil Nəbiyev bu fikirləri TodayPress TV-yə açıqlamasında deyib.
.jpg)
Onun sözlərinə görə, bir sıra hallarda müştərilərdən kartla ödəniş əvəzinə kartdan-karta köçürmə tələb olunur ki, bu da faktiki olaraq şəffaflığın azalmasına və vergidən yayınmaya şərait yaradır:
"Bu vəziyyətə görə bütün məsuliyyəti taksi sürücülərinin üzərinə atmaq düzgün deyil. Əsas problem taksi şirkətlərinin öz öhdəliklərini tam yerinə yetirməməsidir. Taksilərdə terminal yoxdursa, sürücü necə qəbz versin? Terminal qoyulmalı, sistem tam dəyişməlidir ki, sürücü ziyana düşməsin".
Ekspert bildirib ki, sürücülərin kart ödənişindən yayınmasının səbəblərindən biri bank komissiyalarıdır. Kartla ödəniş zamanı müəyyən faiz tutulur, üstəlik nağdsız ödənişdə sərnişinlər əksər hallarda əlavə ödəniş “çay pulu” vermirlər:
"Bu isə sürücülər üçün maddi baxımdan sərfəli olmur. Nağd ödənişdə isə xırda məbləğlərin qalması və əlavə qazanc ehtimalı daha yüksəkdir. Oxşar problemlər bəzi yanacaqdoldurma məntəqələrində də yaşanır. Ödəniş zamanı müştərilərə hansı üsulla və hansı kartla ödəmə ediləcəyi ilə bağlı verilən suallar xoşagəlməz vəziyyət yaradır və bu praktika beynəlxalq təcrübəyə uyğun deyil".
Adil Nəbiyev hesab edir ki, dünyada nağdsız ödəniş artıq standart hal alıb, lakin Azərbaycanda bu sahədə hələ də ciddi boşluqlar mövcuddur. Bununla belə, o, gələcəkdə nağd ödənişin tədricən sıradan çıxacağına ümid etdiyini vurğulayıb.
"Böyük ticarət mərkəzləri, "mall"lar və müasir satış yerlərində nağdsız ödəniş problemsiz tətbiq olunur, lakin bəzi sahələr bu keçidi bilərəkdən gecikdirir. Texniki və inzibati imkanlar mövcud olduğu halda, nağdsız ödənişə tam keçid mümkündür və əsas məsələ bu prosesin sürətləndirilməsidir", - deyə o, fikrini tamamlayıb.
Qeyd edək ki, taksilərdə kartla ödəniş etmək istəyən sərnişinlər əksər hallarda sürücülərin imtinası ilə qarşılaşır və ödəniş yalnız nağd formada qəbul olunur. Bununla yanaşı, aparılan ödənişlər üzrə kassa çeki təqdim edilmir ki, bu da şəffaflıq baxımından ciddi suallar yaradır.
Türkan İsgəndərli
tag: Adil Nəbiyev,Ekspert,Kart,Ödəniş,Todaypress.tv,
