İnternet, benzin və kommunal xərclər: Rəqabət qiymətlərə necə təsir edir?
Cəmiyyət
07.01.2026 17:49
"İnternet qiymətlərini qonşu ölkələrlə müqayisə etdikdə Azərbaycanda tariflərin elə də yüksək olmadığını görmək olar. İnkişaf etmiş ölkələrdə internet xidmətlərinin qiymətləri son illər hətta azalır".
Bu fikirləri iqtisadçı Emin Qəribli TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəbi yeni texnologiyaların tətbiqi ilə maya dəyərinin aşağı düşməsidir:
"Lakin bu ucuzlaşma üçün yüksək texnologiyalı və bahalı avadanlıqlara ehtiyac yaranır. Bu isə birbaşa olaraq ölkədə fəaliyyət göstərən ixtisaslaşmış şirkətlərin sayı və rəqabət mühiti ilə bağlıdır. Azərbaycanda internet sahəsində əsasən dövlət müəssisələri fəaliyyət göstərir və onların sayı məhduddur. Rəqabətin zəif olması investisiya imkanlarını da məhdudlaşdırır. Yeni texnologiyaların tətbiqi zamanı avadanlıqların baha başa gəlməsi isə bəzi hallarda qiymət artımına səbəb ola bilər".
İqtisadçı əlavə edib ki, son 5-6 ildə inkişaf etmiş ölkələrdə belə qaz, işıq, su və digər kommunal xidmətlərin qiymətlərində artım müşahidə olunur.
Onun fikrincə, artım təkcə inflyasiya ilə izah edilmir, xərclərin ümumi yüksəlməsi ilə bağlıdır və bu tendensiya qlobal xarakter daşıyır:
"Qiymət artımı bazar iqtisadiyyatının təbii nəticəsidir və uzunmüddətli proses kimi qaçılmazdır. Bununla belə, 2026-cı ildə konkret olaraq hansı sahələrdə qiymət artımı olacağını demək çətindir. Çünki bir çox xidmət sahələri Azərbaycanda dövlət nəzarətindədir və sosial məqsədlərlə subsidiya olunur. Zamanla büdcə yükü artdıqca və maaşların yüksəldilməsi zərurəti yarandıqca, müəyyən qiymət tənzimləmələri qaçılmaz ola bilər".
Benzin və dizel qiymətlərinin artımına gəlincə, ekspert vurğulayıb ki, hazırda elektrik enerjisinin istehsalında əsasən qazdan istifadə olunur, lakin kənd təsərrüfatı və digər sahələrdə dizellə işləyən texnikaların xərclərinin artması ümumi qiymətlərə təsir göstərə bilər:
"Dəqiq proqnoz vermək çətin olsa da, qiymət dəyişiklikləri normal iqtisadi proses kimi qiymətləndirilməlidir. Əsas məsələ artımların kəskin olmaması və sosial tarazlığın qorunmasıdır. Azərbaycanda bu proseslər dövlət tərəfindən nəzarətdə saxlanılır və qiymət artımları mərhələli şəkildə həyata keçirilir", - deyə Emin Qəribli sonda qeyd edib.
Türkan İsgəndərli
tag: Emin Qəribli,İqtisadçı,İnternet, benzin ,Todaypress.tv,
