Hava şəraitinə görə məktəblər distant təhsilə keçir? – AÇIQLAMA

Cəmiyyət

14.01.2026 16:05

"Bu cür hava şəraiti, eləcə də digər fors-major hallar üçün əlimizdə hər zaman alternativ distant tədris proqramı olmalıdır".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. 


Onun sözlərinə görə, pandemiya dövründə distant tədrisə məcburən və hazırlıqsız şəkildə keçilsə də, sonrakı illərdə bu formatın daha keyfiyyətli və sistemli olması üçün mexanizmlər hazırlanmalıdır:

"Əgər distant tədrisin işlək mexanizmi vaxtında qurulsaydı, həm şagirdlər, həm valideynlər, həm də müəllimlər bu gün çətinliklərlə üzləşməzdilər. Bu gün şagirdlər, valideynlər və müəllimlərin bir qismi belə hava şəraitində əziyyət çəkib məktəbə yollanır, sonra yenidən geri qayıdır. Ümumiyyətlə, hava şəraiti kəskin pisləşdikdə onlayn təhsil şərtdir. Çünki ənənəvi dərslər zamanı avtomobillərin sayı artır, ictimai nəqliyyat həddindən artıq yüklənir".

Ekspertin fikrincə, universitetlərin distant təhsil üçün kifayət qədər resursları mövcuddur və bu sahədə ciddi problem yoxdur:

"Universitetlərin distant təhsili bacarmadığını demək düzgün olmaz. Əksinə, bu sahə indi daha da inkişaf edib. Problem ondadır ki, universitetlər onlayn təhsilə keçdiyi halda, bağçalar və məktəblər bu prosesdən kənarda qaldı. Halbuki belə hallarda distant təhsil məktəblər üçün daha zəruri idi. Məktəblər arasında texniki imkanlar bərabər deyil və hər yerdə internet əlçatanlığı yoxdur. Distant təhsilə keçid öncədən planlaşdırılmalı və ictimaiyyətə vaxtında məlumat verilməlidir".

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var.

Rayonlarda isə qar yağacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rizvan Fikrətoğlu,Ekspert,Distant təhsil,Hava şəraiti,Todaypress.tv,