Hava kəskin soyuyur? – Rəsmi açıqlama
Cəmiyyət
14.01.2026 17:33
Sosial şəbəkələrdə ölkə ərazisində havanın kəskin soyuyacağı, temperaturun mənfi dərəcələrə enəcəyi və qarın hündürlüyünün 40 santimetrə çatacağı ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova TodayPress TV-yə açıqlama verib.

O bildirib ki, yayılan məlumatlar reallığı tam əks etdirmir:
"Rəsmi proqnoza əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzən buludluluq artacaq. Günün birinci yarısında ara-sıra yağış yağacağı gözlənilir. Şimal-qərbdən mülayim külək əsəcək. Gecə saatlarında hava bir qədər sərinləşsə də, gündüz mülayim isti keçəcək.
Regionlarda isə hava şəraiti nisbətən dəyişkən olacaq. Bəzi yerlərdə yağış gözlənilir, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacağı ehtimal olunur. Ayrı-ayrı ərazilərdə yağıntının güclü olacağı istisna edilmir. Axşam saatlarından etibarən yağış tədricən kəsiləcək, bəzi yerlərdə duman müşahidə olunacaq. Külək qərbdən mülayim əsəcək".
Gülşad Məmmədovanın sözlərinə görə, dağlıq ərazilərdə hava daha soyuq olacaq, xüsusilə yüksək dağlarda şaxtalı hava şəraiti gözlənilir. Lakin sosial şəbəkələrdə iddia edildiyi kimi, ölkə üzrə geniş ərazilərdə 40 sm qar örtüyünün formalaşması ilə bağlı rəsmi proqnoz yoxdur.
Türkan İsgəndərli
tag: Gülşad Məmmədova,Direktor,Hava,Soyuma,Todaypress.tv,
