Fazil Mustafa: "İcra hakimiyyətlərinin səlahiyyətləri artırılmalıdır"
Cəmiyyət
07.01.2026 16:44
Son dövrlərdə icra hakimiyyətlərinin ləğv edilməsi məsələsi gündəmə gəlib. Bu mövzu ətrafında ölkədə aparılan müzakirələr və irəli sürülən təkliflər diqqət mərkəzindədir.
Bəs icra hakimiyyətlərinin ləğvinə ehtiyac varmı?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, hazırda iki paralel icra modeli tətbiq olunur:
“İcra hakimiyyətlərinin ləğv olunması məsələsi gündəmdə deyil. Ümumilikdə iki icra orqanı modeli mövcuddur: biri Prezidentin xüsusi nümayəndəsi institutu, digəri isə icra hakimiyyəti başçılarıdır”.
Deputat qeyd edib ki, Prezidentin xüsusi nümayəndəsi institutu hazırda işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda tətbiq olunur. Bununla yanaşı, köhnə icra hakimiyyəti modeli Naxçıvanın digər rayonlarında fəaliyyətini davam etdirir.
Onun sözlərinə görə, bu, qarışıq və daha çox təcrübə xarakteri daşıyan bir modeldir.
Fazil Mustafa bildirib ki, Prezident bu modelin yalnız müəyyən ərazilər üçün uyğun olduğunu vurğulayıb:
“Prezident qeyd edib ki, bu model gələcəkdə tətbiq oluna bilər, lakin bunun üçün əvvəlcə müəyyən təcrübə əldə edilməlidir. İşğaldan azad edilmiş ərazilərdə hələ məskunlaşma olmadığı üçün bu modelin orada tətbiqi uyğun hesab oluna bilər. Digər rayonlarda isə bu, müəyyən çətinliklər yarada bilər”.
Deputatın sözlərinə görə, Prezident həmçinin bu modelin məmurların sayının azaldılmasına xidmət etdiyini qeyd edib. Onun fikrincə, yaxın gələcəkdə bu məsələyə baxıla bilər, lakin hazırda bu istiqamətdə hər hansı ciddi yenilik gözlənilmir və bunun üçün konstitusion dəyişikliklərə ehtiyac var.
Parlamentari vurğulayıb ki, icra hakimiyyəti başçıları Konstitusiyada nəzərdə tutulub, Prezidentin xüsusi nümayəndələri isə Konstitusiyada ayrıca təsbit olunmayıb. Buna görə də bu məsələlərin Konstitusiyada dəqiqləşdirilməsi və hüquqi çərçivəsinin müəyyən edilməsi vacibdir. Yalnız bundan sonra dəyişikliklərə baxıla bilər.
“İcra hakimiyyətləri fəaliyyətini davam etdirdiyi müddətdə onların səlahiyyətləri artırılmalıdır. Az səlahiyyətlə böyük məsuliyyət daşımaq yerlərdə əhalinin problemlərinin həllində ciddi çətinliklər yaradır”, – deyə Fazil Mustafa əlavə edib.
Jalə Rövşən
tag: Fazil Mustafa,Deputat,"İcra hakimiyyətləri,Səlahiyyət,Todaypress.tv,
