DİQQƏT! Evlənmək üçün oğlanlardan bu sənədlər tələb oluna bilər

Cəmiyyət

13.01.2026 16:17

Sosial şəbəkələrdə qızına elçi gələn atanın oğlandan sağlamlıq haqqında arayış istəməsi geniş müzakirələrə səbəb olub.

Bəs atanın bu addımı nə qədər məntiqlidir?

Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov TodayPress TV-yə açıqlamasında bildirib ki, ənənəvi Azərbaycan ailə modelində əvvəllər bu cür tələblər mövcud olmayıb.


"Əvvəlki adət-ənənələrimizdə belə bir hal demək olar ki, nəzərdə tutulmurdu. Daha çox oğlan və qızın zahiri davranışlarına, cəmiyyətdə özünü necə aparmasına diqqət edilirdi. Keçmişdə qızlarda bacarıqlılıq, başıaşağılıq, oğlanlarda isə ədəb-ərkan, böyük-kiçik yeri bilmək və zərərli vərdişlərdən uzaq olmaq əsas meyarlar hesab olunurdu. Bu xüsusiyyətlər valideynlər arasında ailə münasibətlərində qarşılıqlı təqdimat nöqtəsinə çevrilirdi".

Sosioloq vurğulayıb ki, müasir dövrdə bu meyarlar artıq kifayət etmir:

"İndiki dövrdə həyatın özündə dəyişikliklər çoxdur. Bəzən valideynlər hətta öz övladlarının hansı dəyərləri mənimsədiyini, hansı qrupların təsiri altında olduğunu tam bilmirlər. Elektron və onlayn asılılığın artması gənclərin psixoloji xüsusiyyətləri haqqında düzgün fikir formalaşdırmağı çətinləşdirir və bu fikirlər çox vaxt səhv olur. Hazırda nikah zamanı hər iki tərəfdən sağlamlıq haqqında sənədin tələb olunması artıq normal praktikaya çevrilib və tələb olunması çox gözəl haldır".

Ekspert elçilik mərhələsində belə tələblərin irəli sürülməsini dəstəkləyib. O hesab edir ki, bu addım daha məqsədəuyğundur:

"Bir var toy ərəfəsində sağlamlıq kağızı qeyri-qənaətbəxş çıxsın, bir də var ailə institutu bunu əvvəlcədən öz arasında aydınlaşdırsın. Sağlamlıqla bağlı məsələlər nikaha az qalmış deyil, münasibətlərin ilkin mərhələsində gündəmə gətirilməlidir. Bu, çox yaxşı və bəlkə də nümunə ola biləcək bir sosial hadisədir".

Türkan İsgəndərli

TodayPress TV

tag: Hüseyn İbrahimov,Sosioloq,Nikah,Arayış,Todaypress.tv,