Bazarlarda kartof niyə bahalaşıb?

Cəmiyyət

13.01.2026 18:01

Son günlər bazarlarda kartofun qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Əhalinin gündəlik tələbatında xüsusi yer tutan bu məhsulun bahalaşması istehlakçılar arasında narahatlıq yaradıb.

Qiymət artımının səbəbləri ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əsas amillərdən biri bu il kartof istehsalında məhsuldarlığın əvvəlki illərlə müqayisədə aşağı olmasıdır:


"Ümumilikdə kartof digər məhsullarla müqayisədə daha az idxal edilən məhsul kateqoriyasına daxildir. Lakin bu il kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi və tələbin təklifi üstələməsi bazarda qiymət artımına səbəb olub. Bunun nəticəsində daxili tələbatı ödəmək üçün kartof yaxın ölkələrdən idxal edilir".

Ekspert qeyd edib ki, bəzi ölkələrdə kartofun maya dəyəri daha ucuz başa gəlir və bu da idxalı cəlbedici edir. Lakin bu yanaşma yerli istehsala mənfi təsir göstərə bilər:

"Bəzi işbazlar qiymət artımından sui-istifadə edərək idxala daha çox üstünlük verirlər. Amma bu, nə iqtisadi prinsiplərə, nə də vətəndaşların damaq zövqünə uyğundur. Gədəbəy, Tovuz, Qazax kimi bölgələrdə qara torpaqda yetişdirilən kartofla müxtəlif qatqı gübrələrindən istifadə olunan idxal kartofu eyni deyil. Yerli sahibkarları və kənd təsərrüfatı ilə məşğul olan insanları ucuz idxal məhsulu hesabına bazardan sıxışdırıb çıxarmaq düzgün yanaşma deyil".

İqtisadçının sözlərinə görə, idxal olunan kartof yerli məhsulla eyni qiymətə təklif edilsə belə, bu, uzunmüddətli perspektivdə iqtisadi baxımdan səmərəli hesab edilmir. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Akif Nəsirli,Ekspert,Kartof,Bahalaşma,Todaypress.tv,