Balıq növləri riskdə: Qiymətlər artacaq?
Cəmiyyət
13.01.2026 09:55
"Xəzər dənizində su səviyyəsinin enməsi və çaylarda su ehtiyatlarının azalması balıqların yaşayış mühitini daraldır, kürüləmə sahələrini məhv edir və qida zəncirini pozur".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

Onun sözlərinə görə, su həcmi azaldıqca bəzi növlər üçün əlverişli şərait yaranır və onlar nəzarətsiz şəkildə çoxalır, digər növlər, xüsusilə də təmiz suya və sabit ekosistemə həssas olan çəkikimilər sürətlə azalır:
Bu balanssızlıq balıq ehtiyatlarının keyfiyyətinə və davamlılığına mənfi təsir göstərir. Balıq növlərinin azalması ov həcmini məhdudlaşdırır, nəticədə bazara çıxarılan balığın miqdarı azalır. Təklif azaldıqca, xüsusən də qiymətli və tələbat yüksək olan növlərin qiyməti yüksəlir".
İqtisadçı əlavə edib ki, çoxalan, lakin bazar dəyəri nisbətən aşağı olan növlər bazarda bolluq yarada bilər, bu isə qiymətlərin qeyri-sabit olmasına səbəb olur:
"Uzunmüddətli perspektivdə ekoloji tarazlığın pozulması balıqçılığın iqtisadi gəlirliliyini azaldır, istehlakçılar üçün qiymət artımı və seçim imkanlarının məhdudlaşması ilə nəticələnir".
Qeyd edək ki, 2025-ci ildə Xəzər dənizi və daxili sularda aparılan elmi qiymətləndirmələr göstərir ki, su hövzələrində ekoloji tarazlıq dəyişir. Türkiyəli alimlər və Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisləri ilə birgə aparılan tədqiqatlar zamanı bəzi balıq növlərinin nəzarətsiz artdığı, xüsusilə çəkikimilərin isə kəskin azaldığı müəyyən olunub.
Türkan İsgəndərli
tag: Akif Nəsirli,Ekspert,Balıq,Qiymətlər,Todaypress.tv,
