Azərbaycanda su itkiləri niyə strateji problemə çevrilib? – AÇIQLANDI

Cəmiyyət

13.01.2026 11:17

“Qlobal iqlim dəyişiklikləri fonunda su təminatı artıq təkcə sosial məsələ deyil, milli təhlükəsizlik və dayanıqlı inkişaf çağırışına çevrilib”.

TodayPress TV xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Deputat bildirib ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə həyata keçirilən layihələrlə yanaşı, qlobal su böhranına da diqqət çəkib. Onun sözlərinə görə, dünyada su təminatı ilə bağlı risklər sürətlə artır və bu proses bütün ölkələr üçün ciddi çağırış yaradır.

Vüqar Bayramov qeyd edib ki, Yer kürəsinin səthinin 71 faizi su ilə örtülü olsa da, onun cəmi 2,5 faizi içməli sudur və bütün su ehtiyatlarının yalnız 0,3 faizi insan üçün asan əlçatandır. BMT-nin qiymətləndirmələrinə əsasən, hazırda 2,2 milyard insan fasiləsiz su təminatında çətinlik çəkir, 703 milyon nəfərin isə suya çıxışı ciddi risk altındadır:

“Dünyada hər gün 5 yaşdan kiçik 1000-dən çox uşaq məhz təmiz su, sanitariya və gigiyena çatışmazlığı ilə bağlı xəstəliklərdən həyatını itirir. Eyni zamanda qida sənayesində su istifadəsinin artması səbəbindən 2030-cu ilədək qlobal su tələbinin 40 faiz artacağı proqnozlaşdırılır. Bu qlobal mənzərə fonunda Azərbaycanda əhalinin təxminən 70 faizi fasiləsiz içməli su ilə təmin olunur. Bununla belə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əsas problemlərdən biri su itkiləri ilə bağlıdır. Hazırda ölkədə su itkilərinin səviyyəsi təxminən 45 faiz təşkil edir".

Vüqar Bayramovun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə su itkiləri minimum səviyyəyə endirilib. Belə ki, Niderlandda bu göstərici cəmi 4 faiz, Danimarkada 6 faiz, Yaponiyada 7 faiz, Avstraliya və Almaniyada 8 faiz, İsraildə isə 9 faizdir. Ən yüksək su itkiləri isə Hindistan, Əlcəzair və Meksikada qeydə alınır və bu göstərici 50 faizə çatır.

Parlamentari hesab edir ki, itkilərin azaldılması Azərbaycanda su təminatının keyfiyyətinin kəskin şəkildə yüksəldilməsinə imkan verə bilər. Onun fikrincə, Dövlət Proqramının icrası nəticəsində su itki faizinin mərhələli şəkildə azalması gözlənilir ki, bu da ölkədə su təminatında ciddi irəliləyişə səbəb olacaq:

“Rəqəmlər və beynəlxalq müqayisələr göstərir ki, əsas hədəf mövcud su ehtiyatlarının daha səmərəli idarə olunmasıdır. Su itkilərinin azaldılması həm sosial rifahın yüksəldilməsinə, həm də uzunmüddətli iqtisadi dayanıqlığın təmin edilməsinə xidmət edir”.

Vüqar Bayramovun fikrincə, su infrastrukturunun modernləşdirilməsi yalnız texniki məsələ deyil, eyni zamanda strateji və iqtisadi prioritetdir və bu istiqamətdə atılan addımlar ölkənin gələcək inkişafı baxımından həlledici əhəmiyyət daşıyır.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Su,Problem,Todaypress.tv,