Ankara məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etmədi

Cəmiyyət

15.01.2026 15:54

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə Gültəkin Hacıbəyli sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'.

Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi tərəfindən G-82 kodunun ləğvi ilə bağlı irəli sürülən müraciət əsasında İstanbul Valiliyinə sorğu göndərilib.

Qeyd edək ki, Gültəkin Hacıbəyli ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb. Özünün sosial media hesabında verdiyi məlumata görə, Ankara məhkəməsi barəsində G-82 maddəsi — dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatına üzvlük ittihamı irəli sürülüb.

Xatırladaq ki, G-82 məhdudlaşdırma (təhdid) kodu milli təhlükəsizliyə qarşı fəaliyyət göstərdiyi müəyyən edilən xarici vətəndaşlara tətbiq olunan koddur. Bu kod həmin şəxsin Türkiyəyə girişinə qadağa qoyur və Türkiyə ərazisində olduğu halda müddətsiz şəkildə deportasiya edilməsinə səbəb olur.

TodayPress TV


tag: Gültəkin Hacıbəyli ,Ankara,Məhkəmə,Şikayət ,Todaypress.tv,