Zəngəzur və Orta dəhlizlər birləşir? - Əsrin təklifi Tokayevdən gəldi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası imkanlarının müzakirəsini təklif edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə Türkmənbaşı şəhərində Mərkəzi Asiya ölkələri və Azərbaycan liderlərinin 8-ci Məşvərət Görüşündə danışıb.
Tokayev bildirib ki, Xəzər dənizi vasitəsilə beynəlxalq nəqliyyat marşrutunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Çini Xəzər dənizi üzərindən Avropa bazarları ilə birləşdirəcək iri avtomobil yolu layihəsinin icrasına başlanılır.
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat infrastrukturunun genişmiqyaslı modernləşdirilməsinin bütövlükdə regionun tranzit əhəmiyyətini artıracağını vurğulayıb.
Tokayev qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi Qazaxıstan üçün xüsusi aktuallıq daşıyır. O, Dünya Bankının hesablamalarına istinadən bildirib ki, Rusiya ilə əməkdaşlıq çərçivəsində 2040-cı ilədək nəzərdə tutulan bütün infrastruktur layihələri həyata keçirilərsə, Xəzər dənizi vasitəsilə yükdaşımaların həcmi dörd dəfə arta bilər.
“Düşünürəm ki, mövcud potensialı genişləndirəcək və bütün dövlətlərimizin uzunmüddətli maraqlarına uyğun gələn Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası imkanlarını ekspert səviyyəsində müzakirə etmək mümkün olardı”, – Tokayev bildirib.
Jalə Rövşən