Türkiyə müxalifətinin planı: Ərdoğana kim rəqib olacaq?

Türkiyə müxalifətinin planı: Ərdoğana kim rəqib olacaq?
29.11.2026 21:53 Təhlil

Önümüzdəki həftə diqqətlər Türkiyəyə yönələcək.

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.


Analitikin sözlərinə görə, ana müxalifət statusunda olan "Yeni Partiya" lideri Özgür Özəl dekabrın 4-də partiyasının 2028-ci ildə keçiriləcək Prezident seçkisində namizədinin adını açıqlayacağını bildirib. Reytinqi hələ də yüksək olan İstanbulun həbsdəki bələdiyyə başçısı Əkrəm İmamoğlunun namizədliyi isə şübhə altındadır.

"Türkiyə məhkəməsi onun ali təhsil diplomunun ləğvini təsdiqləyib. Türkiyə qanunvericiliyinə görə isə, prezidentliyə namizədin ali təhsilli olması məcburi tələbdir. Diplomun ləğvi İmamoğlunun 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirakını faktiki mümkünsüz edir. "Yeni Partiya"nın prezidentliyə iddialı digər namizədi kimi Ankaranın bələdiyyə başçısı Mənsur Yavaşın adı hallanır. Rəy sorğuları onun da Əkrəm İmamoğlu kimi Prezident Rəcəb Tayyib Ərdoğanla mübarizədə şanslarının yüksək olduğunu göstərir. Ancaq Mənsur Yavaş hələ ki, ehtiyatlı davranır və prezident seçkilərinə qatılacaq həvəsdə olmadığını nümayiş etdirir", - deyə o izah edib.

Siyasi şərhçinin fikrincə, Mənsur Yavaş CHP-dən ayrılsa da, "Yeni Partiya"ya qatılmayıb və uzun müddətdir Özgür Özəllə təması yoxdur. Politoloq bildirib ki, partiya lideri Mənsur Yavaşın istəyi olmadan onun namizədliyini irəli sürə bilməz. Mənsur Yavaşın ehtiyatlı davranmasının səbəbi son müddətdə bir çox bələdiyyə başçısının həbs olunmasıdır:

"M. Yavaş düşünür ki, o namizəd olacağını açıqlayarsa, onu da Əkrəm İmamoğlunun yanına göndərə bilərlər. Əkrəm İmamoğlu və Mənsur Yavaş namizəd olmayacaqlarsa, Özgür Özəl kimin namizəd olacağını açıqlayacaq? Özəlin reytinqi Əkrəm İmamoğlu və Mənsur Yavaşın reytinqindən geridədir. Belə olan halda o, öz namizədliyini irəli sürməyəcək. Bütün hallarda Özgür Özəl namizədi özü üçün müəyyənləşdirib".

Aysel Mətləb

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər