İordaniyada kilsəni hədəf alanlar edama məhkum olundu
İordaniyanın Kassasiya Məhkəməsi ölkənin cənubundakı Əl-Kərək əyalətinin Həmmud yaşayış məntəqəsində kilsədə terror aktı törətməkdə təqsirli bilinən üç nəfər barəsində çıxarılmış ölüm hökmlərini qüvvədə saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Petra” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, məhkəmə iş üzrə daha iki təqsirləndirilən şəxs barəsində çıxarılmış, müvafiq olaraq altı və üç il müddətinə azadlıqdan məhrumetmə cəzalarını da təsdiqləyib. Agentliyin izahına əsasən, Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra bu qərar yekun qüvvəyə minir.
Ölüm hökmləri noyabrın 15-də Dövlət Təhlükəsizliyi Məhkəməsi tərəfindən çıxarılıb. Hücumun üç icraçısı insan tələfatına səbəb olan terror aktları törətməkdə, terror fəaliyyəti üçün istifadə məqsədilə silah və döyüş sursatı saxlamaqda, həmçinin terror qruplaşmasının ideyalarını təbliğ etməkdə təqsirli biliniblər. Onlardan biri əlavə olaraq terrorizmi maliyyələşdirməkdə də məhkum edilib.
Aysel Mətləb