Avropanın nəbzi 10 gündür Bakıda döyünür - qonaqların ardı-arası kəsilmir
Son on gündür, Bakının qonaqlarının ardı-arası kəsilmir.
Noyabrın 17-dən 25-nə qədər Azərbaycan Prezidenti İlham Əliyev Almaniya, İtaliya, Litva, Monteneqro və Gürcüstanın yüksək səviyyəli nümayəndələrini qəbul etdi. Sabah, yəni noyabrın 27-də Estoniyanın xarici işlər nazirinin ölkəmizə rəsmi səfəri nəzərdə tutulur. Bu qədər qısa müddətdə Avropa ölkələrinin ardıcıl gəlişi diqqətdən kənarda qalmır. Onları eyni anda Azərbaycana gətirən səbəb nədir?
| Tarix | Qonaq | Vəzifə |
|---|---|---|
| 17 noyabr | Yohan David Vadeful | Almaniya Xarici İşlər naziri |
| 17 noyabr | Mariam Kvirivişvili | Gürcüstan Baş nazirinin müavini, İqtisadiyyat naziri |
| 22 noyabr | Markveyn Mullin | ABŞ Daxili Təhlükəsizlik naziri |
| 23 noyabr | Antonio Tayani | İtaliya Nazirlər Şurası sədrinin müavini, Xarici İşlər naziri |
| 24 noyabr | Miloyko Spayiç | Monteneqro Baş naziri |
| 24 noyabr | Maka Boçorişvili | Gürcüstan Baş nazirinin müavini, Xarici İşlər naziri |
| 25 noyabr | Kestutis Budris | Litva Xarici İşlər naziri |
| 27 noyabr | Marqus Tsahkna | Estoniya Xarici İşlər naziri |
Diqqəti çəkən bir neçə məqam var.
Sirr deyil ki, Avropa hələ də Rusiya qazından asılılığı azaltmağa çalışır. Bu fonda Azərbaycanın rolu artıb. 2026-cı ildən Azərbaycan qazı artıq Almaniyaya da çatır. Almaniya Xarici İşlər naziri Vadeful Bakıda açıq şəkildə bildirdi ki, Azərbaycan Almaniyanın enerji təhlükəsizliyinin “əvəzolunmaz dayağıdır”.
İtaliya isə daha irəli gedir. Antonio Tayani açıq şəkildə dedi ki, TAP-ın gücünü artırmaq və əlavə qaz həcmləri üzərində işləmək istəyirlər. İtaliya üçün Azərbaycan ikinci ən böyük neft və üçüncü ən böyük qaz təchizatçısıdır. Görüşlərdə yalnız mövcud qaz tədarükü deyil, həm də yaşıl enerji dəhlizi – Xəzərdən Qara dənizə elektrik kabeli layihəsi və hidrogen mövzuları da müzakirə olunub.
Baltik ölkələrindən Litva və indi də Estoniyanın gəlişi bu mənzərəni daha da tamamlayır. Onlar da enerji təhlükəsizliyi və alternativ təchizat məsələlərinə xüsusi diqqət yetirirlər.
İkinci mühüm məqam nəqliyyatdır. Orta Dəhliz – Asiyadan Avropaya Xəzər və Cənubi Qafqaz üzərindən keçən marşrut – getdikcə daha çox diqqət çəkir. Hürmüz boğazı ətrafındakı gərginlik və digər geosiyasi risklər fonunda Avropa alternativ yollar axtarır. Almaniya, İtaliya və Gürcüstan nümayəndələri bu mövzunu xüsusi vurğulayıblar.
Gürcüstan nümayəndələrinin iki dəfə Bakıya gəlməsi də təsadüfi deyil. Orta Dəhlizin əsas hissəsi məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı üzərində qurulub. Bakı-Tbilisi-Qars dəmir yolu və digər infrastruktur layihələri bu dəhlizin real işləməsi üçün açar rolunu oynayır.
Diqqət etsək, görərik ki, bütün görüşlərdə Azərbaycan-Ermənistan normallaşma prosesinə dəstək ifadə olunub. Avropa ölkələri başa düşürlər ki, Cənubi Qafqazda sabitlik olmadan nə enerji, nə də nəqliyyat layihələri tam gücü ilə işləyə bilər. İtaliya və Almaniya bu prosesi açıq şəkildə dəstəklədiklərini bildiriblər.
Biz təhlilimizi edirik, bəs beynəlxalq media bu məsələyə hansı prizmadan yanaşır?
Beynəlxalq mətbuat bu axını əsasən pragmatizm prizmasından şərh edir. Bir çox analitiklər qeyd edir ki, Avropa artıq Azərbaycanı yalnız enerji təchizatçısı kimi yox, həm də Asiya ilə Avropa arasında strateji körpü kimi görür. Bəzi materiallarda ABŞ-nin sülh prosesində daha aktiv rol oynadığı, Avropanın isə infrastruktur və enerji sahəsində daha çox işlədiyi vurğulanır.Ümumi rəy belədir: Bakıya gələn yüksək səviyyəli qonaqlar ölkənin regiondakı çəkisinin artdığını təsdiqləyir.NəticəSon on günün diplomatik sıxlığı və sabah Estoniya nazirinin gəlişi Azərbaycanın Avropa üçün getdikcə daha əhəmiyyətli tərəfdaşa çevrildiyini göstərir. Enerji təhlükəsizliyi, alternativ nəqliyyat yolları və regional sabitlik – bu üç amil eyni anda işləyir. Avropa paytaxtları isə bu reallığı nəzərə alaraq Bakıya yollanırlar.
Qiymət Mahir