MDB dağılır, Azərbaycan niyə hələ də bu birlikdədir? - RƏY

MDB dağılır, Azərbaycan niyə hələ də bu birlikdədir? - RƏY
27.11.2026 09:00 Təhlil

Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında siyasi, iqtisadi və regional əməkdaşlıq platforması kimi fəaliyyətini davam etdirir. Dəyişən beynəlxalq münasibətlər fonunda qurumun gələcək rolu və perspektivləri də maraq doğurur.

Bəs MDB format kimi gələcəyə nə vəd edir?

Mövzu ilə bağlı siyasi analitik Şakir Ağayev TodayPress TV-yə danışıb.


Onun sözlərinə görə, MDB-də təmsil olunmaq Azərbaycanın milli maraqlarına uyğundur və bu platforma ölkə üçün müxtəlif imkanlar yaradır:

“Müstəqil Dövlətlər Birliyi haqqında fikirlər birmənalı deyil. İstər siyasətçilər, istərsə də analitiklər bu formatla bağlı müxtəlif fikirlər səsləndirirlər. Amma reallıqdan yanaşsaq, Müstəqil Dövlətlər Birliyi məsələsində, Azərbaycanı nəzərdə tutsaq, əsas bizim üçün Azərbaycanın maraqlarıdır. Azərbaycanın təmsil olunduğu beynəlxalq strukturlarda gələcək mövqeyi və həmin beynəlxalq strukturların Azərbaycanın maraqlarını nə dərəcədə qoruması bizim üçün önəmlidir. O cümlədən Müstəqil Dövlətlər Birliyində.

Hesab edirəm ki, bu təşkilat Azərbaycan üçün, ilk növbədə, postsovet məkanı ölkələrinin təmsil olunduğu bir qurumdur. Bu təşkilatdan Azərbaycan üçün əsasən iqtisadi, ticari və humanitar məsələlər baxımından fayda var və bu, Azərbaycanın maraqlarına uyğundur. Çünki bilirik ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan hazırkı dövlətlərlə - Mərkəzi Asiya ölkələri, Rusiya, Belarus və digər dövlətlərlə Azərbaycanın tarixən iqtisadi və ticari əlaqələri olub. Eyni zamanda, bu dövlətlərin çoxu Azərbaycan üçün qonşu və regional tərəfdaş ölkələrdir. Ona görə də Azərbaycanın bu təşkilatda təmsil olunması bizim üçün maraqlıdır və cəlbedicidir”.

Analitikə görə, MDB çərçivəsində formalaşmış iqtisadi və humanitar əlaqələrin davam etdirilməsi də Azərbaycan üçün əhəmiyyət daşıyır:

“MDB ölkələrindən Azərbaycana, Azərbaycandan isə həmin ölkələrə işləmək üçün gedən insanlar var. Türkmənistan istisna olmaqla, Azərbaycan vətəndaşları MDB ölkələrinə vizasız gedib-gələ bilirlər. Təbii ki, uzun müddət postsovet məkanında yaşamış, müəyyən mənada ortaq dövlətçilik təcrübəsi olmuş ölkələr arasında illər ərzində iqtisadi və ticari əlaqələr qurulub. Bu əlaqələri birdən-birə qırıb atmaq mümkün deyil. Həmin münasibətləri davam etdirmək üçün Müstəqil Dövlətlər Birliyi normal platformadır. Bu təşkilatda əsasən Azərbaycanla əlaqələri olan regional dövlətlər təmsil olunur. Həmin dövlətlərlə münasibətlərin yaxşı olması Azərbaycan üçün çox əhəmiyyətlidir”.

Şakir Ağayev Azərbaycanın MDB çərçivəsində milli maraqlarına zidd qərarlara qoşulmadığını da vurğulayıb:

“Bu formatın mövcudluğu və orada iştirak Azərbaycanın milli dövlət maraqlarına mənfi təsir göstərmir. Əksinə, Azərbaycan bu platforma vasitəsilə müəyyən maraqlarını təmin edir. Hansı qərarlar və sənədlər Azərbaycanın maraqlarına ziddirsə, Azərbaycan onları imzalamır”.

MDB-nin gələcək perspektivlərinə toxunan müsahibimiz qurumun fəaliyyətini davam etdirəcəyini düşünür:

“Noyabrın 26-sı MDB-nin yaranmasının 35 ili tamam oldu. Düzdür, bir sıra dövlətlər bu təşkilatdan çıxıb. Söhbət Gürcüstan, Ukrayna və hazırda çıxış prosesində olan Moldovadan gedir. Baltikyanı dövlətlər isə onsuz da təşkilatın üzvü olmayıblar. Bütün bunlara baxmayaraq, Azərbaycan həmin dövlətlərlə də müxtəlif istiqamətlərdə iqtisadi, ticari və siyasi əlaqələrini davam etdirir. Yəni MDB-də üzvlük Azərbaycanın digər dövlətlərlə münasibətlərinə heç bir zərər vurmur.

Hesab edirəm ki, Müstəqil Dövlətlər Birliyi hələ də mövcudluğunu qoruyub saxlayacaq. Dövlətlərin maraqları çərçivəsində qəbul edilən qərarlar və görülən işlər bu formatın hələlik faydalı olduğunu göstərir”.

Jalə Rövşən

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər