TRIPP-ə qarşı çıxan İran postsovet məkanında nə axtarır? - RƏY
İran postsovet məkanında siyasi və iqtisadi mövqelərini genişləndirmək üçün yeni platformaya qoşulmağa hazırlaşır. Tehran Müstəqil Dövlətlər Birliyinin (MDB) “MDB+” formatında iştirak etmək istəyir və bu təşəbbüs qurum daxilində müsbət qarşılanır. MDB-nin Baş katibi Sergey Lebedev İranın bu statusu əldə edən ilk ölkə ola biləcəyini açıqlayıb.
Maraqlıdır, TRIPP-ə qarşı çıxan Tehran postsovet məkanında nə axtarır?
Sözügedən məsələ ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə danışıb.

O qeyd edib ki, İranın MDB+ formatına qoşulmaq təşəbbüsünün arxasında dayanan əsas səbəblərdən biri ölkənin mürəkkəb beynəlxalq vəziyyətdə siyasi və iqtisadi tərəfdaşlıq dairəsini genişləndirmək istəyidir:
“İranın Müstəqil Dövlətlər Birliyi ilə "MDB+" formatında əməkdaşlığa qoşulmaq təşəbbüsü Tehranın xarici siyasətində postsovet məkanına artan marağın göstəricisidir. Məlumdur ki, İran Prezidenti Məsud Pezeşkian bu ilin oktyabrında Türkmənistanda keçirilən MDB sammitində "MDB üzvləri + İran" formatının yaradılmasını təklif edib. Noyabrın 26-da isə MDB-nin baş katibi Sergey Lebedev bu məsələnin müzakirə olunduğunu və İranın həmin statusu əldə edən ilk ölkə ola biləcəyini açıqlayıb. Bu təşəbbüsə ilk növbədə İranın mürəkkəb beynəlxalq vəziyyətdə siyasi və iqtisadi tərəfdaşlıq dairəsini genişləndirmək cəhdi kimi yanaşmaq lazımdır. Qərbin sanksiyaları, ABŞ ilə münasibətlərdə gərginlik və Yaxın Şərqdəki təhlükəsizlik problemləri Tehranı alternativ iqtisadi və diplomatik platformalar axtarmağa sövq edir. MDB məkanı isə İran üçün həm böyük bazar, həm enerji əməkdaşlığı, həm də beynəlxalq siyasi koordinasiya baxımından əhəmiyyətli imkanlar təqdim edir".
Onun sözlərinə görə, İranın postsovet məkanında maraq göstərdiyi əsas istiqamətlərdən biri də nəqliyyat və logistika əlaqələridir. Tehran bu sahədə öz tranzit imkanlarını genişləndirməyə çalışır:
“İran özünü Mərkəzi Asiya, Qafqaz və Avropanı Fars körfəzi və Oman dənizi ilə birləşdirən mühüm tranzit ölkə kimi təqdim edir. Xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Xəzər hövzəsi üzərindən daşımalar və İranın Çabahar limanı bu strategiyanın əsas elementləridir. Pezeşkian da MDB sammitində çıxışı zamanı nəqliyyat marşrutlarının rəqabət aparan deyil, bir-birini tamamlayan layihələr kimi inkişaf etdirilməsinin vacibliyini vurğulayıb”.

Politoloqun qənaətincə, Tehranın MDB məkanına marağını yalnız iqtisadi amillərlə əlaqələndirmək olmaz:
“Tehran Qərbin regiondakı təsirinin genişlənməsini, xüsusilə ABŞ-nin Cənubi Qafqazda daha fəal iştirakını öz təhlükəsizlik maraqları baxımından həssas məsələ hesab edir. Bu baxımdan TRIPP layihəsinə münasibət xüsusi diqqət çəkir. İran layihənin Ermənistanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməsinə prinsip etibarilə qarşı çıxmadığını bildirsə də, ABŞ-nin regionda mümkün təhlükəsizlik və hərbi mövcudluğundan narahatlığını gizlətmir. Tehran hesab edir ki, Ermənistan-İran sərhədinin geosiyasi əhəmiyyətinin dəyişməsi onun Cənubi Qafqazla əlaqələrinə və regional təsir imkanlarına təsir göstərə bilər”.
Analitik TRIPP layihəsinin İranın regiondakı ənənəvi tranzit roluna da təsirsiz ötüşməyəcəyini deyib:
“İndiyədək Azərbaycanla Naxçıvan arasında quru əlaqələrinin təmin edilməsində İran ərazisindən istifadə olunması Tehrana müəyyən iqtisadi gəlir və siyasi manevr imkanları verirdi. Yeni nəqliyyat bağlantısının işə düşməsi isə alternativ marşrut yaradaraq bu asılılığı azalda bilər. İranın Araz dəhlizi layihəsini irəli sürməsi də onun regionda tranzit imkanlarını qorumaq və alternativ nəqliyyat mərkəzi kimi mövqeyini saxlamaq istəyindən xəbər verir.

Məhz bu kontekstdə MDB+ formatına qoşulmaq Tehrana postsovet ölkələri ilə münasibətlərini daha sistemli şəkildə inkişaf etdirmək, regional nəqliyyat və enerji layihələrində iştirakını artırmaq, həmçinin Rusiya və Mərkəzi Asiya dövlətləri ilə siyasi koordinasiyanı gücləndirmək imkanı verə bilər. Başqa sözlə, İran Qərbin təsir imkanlarının artdığı bir regionda özünün də mühüm geosiyasi aktor olaraq qalmasını istəyir”.
Jalə Rövşən