Ordu ağır texnikayla Kərkükə girdi: Baş nazirin hücum əmri gözlənilir...

Ordu ağır texnikayla Kərkükə girdi: Baş nazirin hücum əmri gözlənilir...
26.11.2026 15:22 Təhlil

İraqda mərkəzi hökumətlə kürd qüvvələri arasında yeni gərginlik yaranır. Bağdad ölkənin sərhədlərinə, təhlükəsizlik sisteminə və neft yataqlarına nəzarəti gücləndirmək istəyir. 

Bu plan isə İraq Kürdüstanında ciddi narazılıq doğurur.

İraq hökuməti Babildə Kətaib Hizbullahla qarşıdurmanı razılaşma yolu ilə arxada qoyduqdan sonra ölkədə təhlükəsizlik sistemini yenidən qurmağa başlayıb. Yeni plana əsasən, sərhədlərin mühafizəsi ordudan alınaraq sərhəd xidmətinə veriləcək, hərbi qüvvələr isə böyük şəhərlərdən çıxarılaraq kazarmalarda və şəhər kənarındakı mövqelərdə yerləşdiriləcək. Şəhərlərdə asayişə polis və təhlükəsizlik qüvvələri cavabdeh olacaq.


Bağdadın əsas hədəflərindən biri də İraq Kürdüstanında mərkəzi hökumətin nəzarətini bərpa etməkdir. Baş nazir Əli əl-Zeydi İranla sərhəd boyunca hökumət qüvvələrinin yerləşdirilməsini planlaşdırdıqlarını açıqlayıb. Söhbət təkcə sərhəd təhlükəsizliyindən getmir. Hökumət həmçinin kürd tərəfinin nəzarətində olan neft hasilatı və ixracına da nəzarəti ələ keçirmək niyyətindədir. 

İraqın Ali Məhkəməsinin hökumət qüvvələrinin sərhəd bölgələrinə nəzarəti ələ keçirmək səlahiyyətini təsdiqləyən qərarı Ərbilin narazılığını daha da artırıb. Peşmərgə qüvvələri administrativ sərhədlər boyunca əlavə səngərlər qazır, yeni hərbi hissələr yaradır. Kürdüstan Vətənpərvərlər Birliyinin rəhbəri Bafal Talabani isə açıq şəkildə Bağdadın tələblərini qəbul etməyəcəklərini və İraq ordusunun Kürdüstan ərazisinə daxil olmasına imkan verməyəcəklərini bildirib.


Kürd tərəfinin açıqlamalarında 2003-cü ildən əvvəlki sərhədlər məsələsi də xüsusi vurğulanır. Kürdüstan Regional Hökumətinin Terrorla Mübarizə Qüvvələri bəyan edib ki, Peşmərgənin əvvəlki mövqelərinə qayıtmasını tələb edənlər özləri də həmin dövrdəki mövqelərinə qayıtmalıdırlar. Açıqlamada Kürdüstanın hər qarışının müdafiə olunacağı bildirilib.

Gərginliyin ən həssas nöqtələrindən biri isə Kərkükdür. İraq ordusu ağır texnika ilə şəhərə daxil olub. Bağdadın Peşmərgənin nəzarətindəki neft yataqlarını geri almaq niyyəti hərbi qarşıdurma ehtimalını artırır. Peşmərgə də mübahisəli ərazilərdə mövqelərini gücləndirir.


ABŞ-ın Bağdadın addımlarına dəstək verməsi isə vəziyyətə əlavə siyasi çalar gətirir. Beləliklə, İraqda məsələ artıq yalnız sərhəd təhlükəsizliyi deyil: Bağdad mərkəzi hakimiyyətin ölkə ərazisində nəzarətini genişləndirməyə, Ərbil isə özünün hərbi-siyasi mövqelərini qorumağa çalışır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər