ABŞ çıxdı, Bağdad dərhal hərəkətə keçdi: Kürdlərə qarşı 2017-dən bəri ən ağır zərbə

ABŞ çıxdı, Bağdad dərhal hərəkətə keçdi: Kürdlərə qarşı 2017-dən bəri ən ağır zərbə
25.11.2026 10:15 Təhlil

İraqın Baş naziri Əli əl-Zeydi noyabrın 24-də Şimali Neft Şirkətində aparılan neft qaçaqmalçılığı araşdırmasından sonra (red. Kərkükdən çıxarılan neftin Kürdüstan ərazisindən keçməklə İrana, oradan da Əfqanıstana qanunsuz daşınması iddiaları ilə bağlıdır. İraq hökuməti bu işdə vəzifəli şəxslərin və təhlükəsizlik qurumlarının səhlənkarlığını da araşdırır.) bir sıra inzibati, məhkəmə, təhlükəsizlik və texniki qərarlar açıqlayıb. Qərarların bir hissəsi birbaşa İraq Kürdüstan Regional Rəhbərliyini (İKRH) hədəf alıb. 


Həmin gün Kürdüstan Regional Rəhbərliyinin baş naziri Məsrur Barzani Ərbildə keçirilən Dünya Gənclər Sammiti çərçivəsində mətbuat qarşısına çıxaraq qərarlara etiraz edib.

“Bu gün baş verənlər həqiqətən təəccüblüdür və heç bir halda qəbul edilə bilməz”.


Barzani bildirib ki, Bağdadın açıqladığı qərarlar əvvəlki danışıqların məzmununa uyğun gəlmir:

“Bu gün yayımlanan bəyanat bizi təəccübləndirdi. Çünki bu vəziyyət Bağdad rəhbərliyi ilə əvvəllər apardığımız görüşlərin məzmununa uyğun deyil. Onların nümayəndə heyətləri də bizə gələrək problemlərin konstitusiya əsasında həll olunması istiqamətində fərqli mesaj vermişdilər”.

Barzaninin “təəccüblənmişik” vurğusu təsadüfi deyil. O, bundan bir gün əvvəl, noyabrın 23-də Zeydi ilə “vahid büdcə ayırması” məsələsində razılığa gəldiklərini açıqlamışdı. Yəni Ərbilin mövqeyinə görə, Bağdad bir gün əvvəl razılaşma əldə etməyə çalışıb, ertəsi gün isə birtərəfli qərarlar açıqlayıb.

Zeydinin qərarları nələri əhatə edir?

Bağdadın rəsmi açıqlamasına görə, qərarlar üç əsas istiqaməti əhatə edir: Kürdüstan və sərhəd-keçid məntəqələri, təhlükəsizlik və sərhəd nəzarəti, neftin texniki idarə olunması.


İlk növbədə, İraq Sərhəd Keçidləri Komissiyasının Kürdüstan bölgəsindəki bütün sərhəd-keçid məntəqələrini nəzarətə götürməsi nəzərdə tutulur. Beləliklə, İKRH Türkiyə, İran və Suriya ilə sərhəddə yerləşən bütün keçid məntəqələri üzərindəki nəzarətini itirə bilər.

Sərhəd Qüvvələri Komandanlığına bütün qeyri-rəsmi keçidlərin bağlanması barədə göstəriş verilib. Müdafiə Nazirliyinə isə Kürdüstanı Diyala, Səlahəddin, Kərkük və Ninova vilayətlərinə birləşdirən bütün torpaq yollarının bağlanması tapşırılıb.

Neft yataqları və ixracla bağlı qərarlara əsasən, Kürdüstan rəhbərliyinə xam neft və neft məhsullarının ixracına yalnız Federal Neft Nazirliyi vasitəsilə həyata keçirildiyi halda icazə vermək tapşırılıb.

Neft Nazirliyi Diyala, Kərkük, Səlahəddin və Mosul vilayətlərinin inzibati sərhədləri daxilində yerləşən və təhlükəsizlik baxımından Kürdüstanın nəzarətində olan neft yataqlarını idarə edəcək. Bu qərarın Kürdüstanın təhlükəsizlik nəzarətindəki ən böyük yataqlardan biri olan Xormala yatağını da əhatə etdiyi bildirilir.

Bundan başqa, Sərhəd Keçidləri Komissiyasının rəhbəri, Kərkük Əməliyyatlar Komandanı və Kərkük Polis İdarəsinin rəisi neft məhsullarının qaçaqmalçılığının qarşısını almadıqları əsas gətirilərək vəzifələrindən azad ediliblər.

Şimali Neft Şirkətinin baş direktoru və müavinləri Federal Dürüstlük Komissiyasının araşdırması başa çatanadək vəzifələrindən kənarlaşdırılıb. Şirkətin keçmiş rəhbəri isə istintaqa cəlb edilib.

Enerji Polisinə bütün neft yataqlarını kameralar vasitəsilə müşahidə etmək və nəzarətə götürmək tapşırılıb. Bazian və KAR neft emalı zavodlarına xam neft tədarükü, özəl şirkətlərə satış müqavilələri və boru xətlərini qoruyan “xəyali” mülki mühafizəçilərə edilən ödənişlər də araşdırmaya daxil edilib.

Zeydi qərarları dövlət suverenliyi ilə əsaslandırıb:

“Milli suverenlik bölünməzdir və İraqın sərvətlərini qorumaq, dövlətin bütün növ qaçaqmalçılığa son qoyduğu bir varlıq mübarizəsidir”.

Barzani ailəsinin və kürd partiyalarının mövqeyi

Məsrur Barzani Bağdadla danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını, lakin bütün məsələlərin konstitusiya əsasında həll edilməli olduğunu bildirib:

“Bir müddətdir Bağdadla danışıqlar aparırıq. Danışıqlarımız Kürdüstan xalqının konstitusion hüquqlarının həyata keçirilməsi əsasında olmalıdır. Konstitusiyadan kənar heç bir şeyi qəbul edə bilmərik”.


O, dialoq qapısını bağlamadıqlarını da vurğulayıb:

“Dialoq qapısını bağlamamışıq və hər şeyin dialoq yolu ilə həll edilməli olduğuna inanırıq. Lakin danışıqlar konstitusiya əsasında aparılmalıdır. Fərdi yanaşma və konstitusion hüquqların pozulması yolu ilə heç nə etmək mümkün deyil”.

Barzaninin ən sərt açıqlaması isə belə olub: “Kürdüstan bölgəsinin statusunu qorumaq üçün hamımız peşmərgə olmağa hazırıq”.

Kürdüstan Demokratik Partiyasının (KDP) lideri, keçmiş regional prezident Məsud Barzani də Bağdadın qərarlarını “sağlam düşüncədən uzaq və məsuliyyətsiz” adlandırıb.

O bildirib ki, problemlər yanlış kampaniyalar, əsassız ittihamlar və birtərəfli qərarlarla həll edilə bilməz:

“Korrupsiyanın kökünü kəsməkdə İraqın Baş naziri ilə əməkdaşlıq etdiyimiz kimi, qaçaqmalçılığın qarşısının alınmasında da eyni səviyyədə əməkdaşlıq edəcəyik. Lakin bu, qanuni və konstitusion yollarla həyata keçirilməlidir”.

Diqqətçəkən məqam isə adətən siyasi rəqabət aparan KDP və Kürdüstan Vətənpərvərlər İttifaqının (KYB) bu dəfə birgə bəyanatla çıxış etməsidir.

Tərəflər Bağdadın addımlarını gözlənilməz və təəccüblü adlandıraraq bütün tərəfləri konstitusiyaya əməl etməyə çağırıblar. Birgə bəyanatda bildirilib ki, konstitusiya çərçivəsindən kənarda Kürdüstan bölgəsinə qarşı qəbul edilən istənilən tədbir konstitusiya pozuntusu hesab olunur.

Bəyanatda dialoqun, şəffaflığın və qarşılıqlı anlaşmanın fikir ayrılıqlarını aradan qaldırmaq üçün ən yaxşı yol olduğu, birtərəfli qərarların isə İraqın təhlükəsizliyinə və sabitliyinə xidmət etmədiyi vurğulanıb.

Kürdüstan prezidenti Neçirvan Barzani isə daha yumşaq mövqe sərgiləyərək Bağdadın hərbi ritorikasını qəbul etmədiyini bildirib və təmkinə çağırıb.

Məsələ təkcə neft deyil...


Zeydinin addımlarını yalnız Kürdüstanla münasibətlər çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Eyni həftə İraq hökuməti iki fərqli istiqamətdə hərəkətə keçib.

Birinci istiqamət İranın İraqdakı ən güclü silahlı müttəfiqlərindən biri hesab edilən Kataib Hizbullahdır. Hökumət Cürf əl-Səxər bölgəsində yüz milyonlarla dollar dəyərində neft qaçaqmalçılığı şəbəkəsini üzə çıxaran kəşfiyyat hesabatından sonra qruplaşmaya geri çəkilmək barədə göstəriş verib.

Qruplaşma əvvəlcə müqavimət göstərəcəyini açıqlasa da, şiə liderlərinin və İranın Qüds qüvvələrinin komandanı İsmayıl Qaaninin vasitəçiliyi ilə razılıq əldə olunub.

İkinci istiqamət isə kürdlərdir. Eyni qaçaqmalçılıq hesabatında Kərkük və Süleymaniyədən İrana və Əfqanıstana uzanan marşrutlara da işarə edilib.

İraq üzrə analitik Renad Mansurun sözlərinə görə, bu, İraq hökumətinin “bölgə dəyişir, evimizi qaydaya salmalıyıq” mesajı vermək cəhdidir.

Beləliklə, 41 yaşlı, iş adamı mənşəli və siyasətdə təcrübəsi az olan baş nazir Əli əl-Zeydi eyni vaxtda həm İranmeyilli silahlı qruplaşmalarla, həm də kürdlərlə qarşıdurmaya gedərək mərkəzi dövlət hakimiyyətini gücləndirməyə çalışır.

Bağdadlı analitik Həmzə Mustafanın sözlərinə görə, Zeydi bu qərarlarla siyasi sövdələşmələrdən və himayədarlıq münasibətlərindən uzaqlaşıb. O, növbəti siyasi mərhələdə həmin siyasi qüvvələrin dəstəyini qazanmağı prioritet hesab etmir.

Zeydi niyə məhz indi hərəkətə keçdi?

Bu qərarların qəbul edilməsində üç əsas amil ön plana çıxır.

Birincisi, ABŞ-ın İraqdan çıxmasıdır. ABŞ-ın sonuncu hərbi qüvvələri sentyabr ayında ölkəni tərk edib. Kürdlərin Bağdad qarşısındakı ən böyük üstünlüklərindən biri hesab edilən Vaşinqton dəstəyi zəifləyib. Analitiklər bunu Zeydinin addımlarını asanlaşdıran amillərdən biri kimi qiymətləndirirlər.

İkinci amil neft boru xətti böhranıdır. Kürdlərin Bağdadın razılığı olmadan neft satması səbəbindən Türkiyəyə boru xətti vasitəsilə nəql iki ildən artıq müddətə dayanmışdı. Tərəflər 2025-ci ilin sentyabrında ixracın bərpası barədə razılığa gəlsələr də, Zeydi indi bu prosesi vahid mərkəzdən idarə etmək istəyir.

Üçüncü amil isə KDP və KYB arasındakı rəqabətdir. Kürdüstan daxilində iki hakim partiya arasında güc və resursların bölüşdürülməsi ilə bağlı mübahisələr mövcuddur. Bağdadın bu parçalanmadan istifadə etmək istədiyi ehtimal olunur. Lakin iki partiyanın bu dəfə birgə bəyanatla çıxış etməsi həmin hesablamaları dəyişə bilər.

Hüquqi mübahisə: Bağdad və Ərbil nə deyir?

Bağdadın mövqeyinə görə, İraq Konstitusiyası neft və sərhədlərlə bağlı səlahiyyətləri federal hökumətə verir. Mərkəzi hakimiyyət hesab edir ki, İKRH konstitusiyada nəzərdə tutulandan daha geniş səlahiyyətlərdən istifadə edir.

Ərbilin mövqeyi isə fərqlidir. İraqda neft və qaz haqqında qanunun qəbul edilməməsi Kürdüstan rəhbərliyinə öz səlahiyyətlərini fərqli şəkildə şərh etmək imkanı verir. Kürdlər bunu federalizmin onlara tanıdığı hüquqlar çərçivəsində qiymətləndirirlər.

Bağdadlı analitiklər də neft və qaz qanununun olmamasının mübahisəyə səbəb olduğunu qəbul edirlər. Onların fikrincə, Kürdüstan bölgəsi bu hüquqi boşluqdan neft quyularını təhvil verməkdən imtina etmək üçün istifadə edə bilər.

Beləliklə, məsələ yalnız qaçaqmalçılıqla mübarizə deyil. Mübahisənin kökündə 2005-ci ildə qəbul edilmiş İraq Konstitusiyasından bəri həllini tapmayan federalizm problemi dayanır.

Türkiyə, İran və ABŞ üçün nəticələr...


Bağdadın qərarları Türkiyəyə də təsirsiz ötüşməyəcək. İKRH-nin sərhəd-keçid məntəqələri üzərindəki nəzarətinin dəyişməsi Ankara ilə Ərbil arasında birbaşa ticarət modelinə təsir göstərə bilər. Xüsusilə Türkiyənin İraqa açılan əsas qapısı olan Habur sərhəd-keçid məntəqəsi diqqət mərkəzindədir. Ceyhan boru xətti məsələsi də yenidən gündəmə gələ bilər.

İran baxımından isə həm Kataib Hizbullaha qarşı əməliyyat, həm də kürd neftinə dair qərarlar Tehranın İraqdakı iqtisadi təsir imkanlarını məhdudlaşdıra bilər. İran hələlik məsələyə dair rəsmi mövqe açıqlamayıb.

ABŞ-ın mövqeyi isə diqqət çəkir. Vaşinqton hələlik susur. ABŞ qüvvələrinin çıxmasından sonra kürdlər özlərini daha çox tək hiss edirlər. Kürdüstan küçələrində səslənən etirazlar da bu narahatlığı əks etdirir: “İraq neft quyularını ələ keçirmək və ordusunu Kürdüstana göndərmək üçün bəhanə uydurur”.

Böhranın mümkün inkişaf istiqamətləri...

Hazırkı vəziyyətin inkişafı ilə bağlı bir neçə ssenari nəzərdən keçirilir.

Birinci ssenari konstitusion razılaşmadır. Bu halda KDP və KYB-nin ortaq çağırışı nəticə verə, Bağdad və Ərbil danışıqlar masasına qayıda və sərhəd-keçid məntəqələri ilə neft məsələləri üzrə birgə mexanizm yarada bilər.

İkinci ssenari faktiki müqavimətdir. Ərbil sərhəd-keçid məntəqələrini və Xormala yatağını təhvil verməkdən imtina edə bilər. Bağdadın güc tətbiq etmək imkanlarının məhdudluğu isə böhranın uzanmasına səbəb ola bilər.

Üçüncü ssenari hərbi gərginliyin artmasıdır. Bu halda 2017-ci ildə Kərkük ətrafında yaşanan hadisələr təkrarlana bilər. Bağdad ordunu bölgəyə göndərərsə, peşmərgə qüvvələrinin müqaviməti və regional böhran ehtimalı yarana bilər.

Dördüncü ssenari Zeydinin geri addım atmasıdır. Şiə liderlərinin və İranın təzyiqi nəticəsində qərarlar yumşaldıla bilər. Bununla belə, hökumət qaçaqmalçılıqla mübarizə mövqeyini qoruyub saxlaya bilər.

Məsrur Barzaninin “təəccüblənmişik” açıqlaması bu baxımdan sadəcə diplomatik ifadə deyil. Ərbil Bağdada mesaj verir ki, əvvəlki danışıqlarda fərqli mövqe nümayiş etdirilib, lakin indi birtərəfli qərarlar qəbul olunur. Kürdüstan rəhbərliyi konstitusiyaya əməl etməyə hazır olduğunu, amma ona qarşı birtərəfli addımları qəbul etməyəcəyini bildirir.

Zeydi isə dövlət suverenliyinin bölünməz olduğunu vurğulayır.

Bu, 2017-ci ildə keçirilən müstəqillik referendumundan sonra Bağdad-Ərbil xəttində yaranan ən ciddi böhranlardan biri ola bilər. Çünki bu dəfə Bağdad eyni vaxtda sərhədləri, neft yataqlarını və təhlükəsizlik sistemini nəzarətə götürməyə çalışır.

Jalə Rövşən

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər