Banqladeşdə işçilər etiraz aksiyaları keçirir
Banqladeşdə geyim fabriklərinin işçiləri əməkhaqqının artırılması tələbi ilə kütləvi etiraz aksiyalarına başlayıblar. Savar şəhərində nümayişçilər magistral yolları bağlayıb, polislə toqquşublar.
TodayPress TV xəbər verir ki, “Business Standard” qəzetinin məlumatına görə, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.
Narazılığa səbəb minimum aylıq əməkhaqqının 12 500 takadan 17 000 takaya (təxminən 138 dollar) qaldırılması qərarı olub. Yeni məbləğin dekabrın 1-dən qüvvəyə minməsi gözlənilir.
Lakin işçilərin bir qismi bu artımı yetərli hesab etmir. Onlar minimum əməkhaqqının 30 000 takaya çatdırılmasını tələb edirlər. Digər qrup isə hökumətin təklifini qəbul edərək işə qayıtmağa hazır olduğunu bildirib.
Gərginliyin artması fonunda Banqladeş hakimiyyəti Dəkkə və daha altı rayona Sərhəd Təhlükəsizliyi Qüvvələrinin 109 tağımını yerləşdirib. Ordu isə sənaye zonalarında və mühüm obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, geyim sənayesi işçilərinin etirazları noyabrın əvvəlindən davam edir. Ölkədə minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin dekabrında 8 000 takadan 12 500 takaya qaldırılmışdı.
Türkan İsgəndərli