Vətəndaş görüşləri Ermənistanın revanşist düşüncəsini dəyişə biləcəkmi? - AÇIQLAMA

Vətəndaş görüşləri Ermənistanın revanşist düşüncəsini dəyişə biləcəkmi? - AÇIQLAMA
26.11.2026 12:04 Təhlil

Noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin görüşü olacaq. İndiyədək bir neçə belə görüş keçirilib. Bu təmaslar Azərbaycana konkret nə qazandırır? Son addımlardan da göründüyü kimi Ermənistanda revanşist düşüncə qaldığı müddətdə, bu görüşlərdən real nəticə gözləməyə dəyərmi?

Sözügedən mövzu ətrafında TodayPress TV-nin suallarını politoloq Elçin Xalidbəyli cavablandırıb:


Politoloq bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin bir neçə istiqamətdə inkişaf etməsinə baxmayaraq, yekun sazişin imzalanması üçün Ermənistan siyasi iradə nümayiş etdirməlidir:

“Azərbaycan və Ermənistan arasında sülh prosesi bir çox istiqamətlər üzrə inkişaf edir. Bu istiqamətlərdən biri, təbii ki, siyasi-diplomatik istiqamətdir. Bu istiqamətdə Azərbaycan lazım olan bütün addımları atıb. İndi Ermənistan siyasi iradə nümayiş etdirməlidir. Rəsmi Bakının yekun sülh sazişinin imzalanması üçün yeganə şərti var və Ermənistan onu yerinə yetirməlidir. Yəni konstitusiya dəyişiklikləri edərək Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Bundan sonra Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ən qısa zamanda imzalanması üçün ciddi bir əngəl qalmayacaq.

İkinci istiqamət isə iki ölkə arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasına yönəlmiş addımlardır. Artıq Azərbaycandan Ermənistan ərazisinə tranzit yük daşımaları reallaşdırılır. Qatarların hərəkəti uzun onilliklərdən sonra bərpa olunub. Yəni Ermənistan ilk dəfə blokada şəraitindən nisbətən çıxmaq imkanları qazanıb.

Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında çox kiçik həcmdə də olsa, ticarət münasibətləri qurulmaqdadır. Artıq hər iki tərəf qarşılıqlı olaraq malların mübadiləsini həyata keçirir. Ermənistan Azərbaycandan əsasən enerji resursları, daha doğrusu, neft və neft məhsulları idxal edir”.

Analitik vətəndaş cəmiyyətləri arasında təmasların əsas məqsədlərindən birinin Ermənistan cəmiyyətində revanşist düşüncənin zəiflədilməsi olduğunu vurğulayıb. Bununla belə, o, yaxın perspektivdə bu görüşlərin effektivliyinə şübhə ilə yanaşır:

“Çoxsaylı istiqamətlərdən biri də vətəndaş cəmiyyətləri arasındakı təmasların sıxlaşdırılmasıdır. Böyük ehtimalla, burada əsas məqsəd Ermənistan cəmiyyətindəki revanşizmin aradan qaldırılması və iki ölkənin vətəndaşları arasında müəyyən dialoq körpüsünün yaradılmasıdır. Təbii ki, bu da çox önəmli bir istiqamətdir. Ancaq indiki şəraitdə bunun hansı səviyyədə effektiv ola biləcəyi müəyyən suallar doğurur. Çünki Ermənistan cəmiyyəti tamamilə fərqli siyasi-ideoloji məzmunla formalaşmış bir cəmiyyətdir. Erməni toplumu ənənəvi olaraq türk düşmənçiliyi ideyası üzərində köklənmiş bir toplumdur. Bu faktordan daha çox xarici qüvvələrə bağlı separatçı, terrorçu və revanşist siyasi dairələr, erməni siyasi dairələri istifadə edirlər. İndiki halda bu amildən Rusiyanın agentura şəbəkəsinə aid olan erməni müxalifəti, yəni revanşist müxalifət istifadə edir.

Belə bir şəraitdə, əks-təbliğat kampaniyalarının da aparıldığı bir mühitdə, vətəndaş cəmiyyətləri arasında dialoqun yaradılması istiqamətində atılan addımlar nə qədər böyük önəm daşısa da, yaxın gələcəkdə konkret və effektiv nəticələr verə biləcəyi bir qədər şübhəlidir. Ancaq bununla belə, bu istiqamətdə atılan addımlar olduqca önəmlidir və davam etdirilməsi vacibdir. Çünki iki dövlət və onların cəmiyyətləri arasında kəskin ziddiyyətlərin əbədi olaraq davam etdirilməsi yolverilməzdir. Bu ziddiyyətlərin aradan qaldırılmasının ən önəmli yollarından və vasitələrindən biri də məhz cəmiyyətlərarası dialoqun qurulmasından ibarətdir”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər