BMT-də rəhbərlik böhranı: Quterreşin varisi ilə bağlı ABŞ və Rusiya üz-üzə gəldi
BMT-nin yeni Baş katibinin seçilməsi Təhlükəsizlik Şurasının daimi üzvləri arasında yaranan fikir ayrılıqları səbəbindən çətinləşib. Təşkilatın hazırkı rəhbəri Antonio Quterreşin səlahiyyət müddətinin başa çatmasına az vaxt qalsa da, onun varisi ilə bağlı razılıq əldə olunmayıb.
TodayPress TV xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, Baş katib postu uğrunda səkkiz namizəd mübarizə aparır.
Əsas namizədlər arasında Kosta Rika, Birləşmiş Ərəb Əmirlikləri və Argentina nümayəndələri yer alır.
Kosta Rikadan namizəd keçmiş vitse-prezidenti, BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri Rebeka Qrinspandır. Onun seçiləcəyi təqdirdə BMT tarixində ilk qadın Baş katib olacağı bildirilir. Lakin nəşrin iddiasına görə, ABŞ və Rusiya onun namizədliyini dəstəkləmir.
Digər namizəd BƏƏ-nin dövlət naziri və ölkənin BMT-dəki keçmiş nümayəndəsi Lana Nuseybeşdir. Onun namizədliyinin Vaşinqton və Moskva tərəfindən dəstəkləndiyi iddia olunur. Bununla belə, BƏƏ-nin Sudandakı Çevik Müdaxilə Qüvvələrinə dəstəyi ilə bağlı ittihamlar namizəd ətrafında mübahisələr yaradıb. Əmirliklər bu ittihamları rədd edir.
Namizədlər arasında Argentina diplomatı, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi də var.
Seçkilərdə əsas maneə nədir?
Mövcud qaydalara əsasən, namizəd BMT Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı doqquzunun dəstəyini almalıdır. Lakin ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan hər hansı birinin veto hüququndan istifadə etməsi namizədin seçilməsinə mane ola bilər.
Təhlükəsizlik Şurasının tövsiyəsindən sonra Baş katibin təyinatı ilə bağlı yekun qərarı BMT Baş Assambleyası verir.
Bundan əlavə, növbəti Baş katibin Latın Amerikası və ya Karib hövzəsindən seçilməsi gözlənilir.
Yeni rəhbəri hansı problemlər gözləyir?
BMT-nin yeni rəhbəri beynəlxalq münaqişələrin dərinləşməsi, maliyyə çatışmazlığı və çoxtərəfli diplomatiyaya etimadın azalması kimi ciddi problemlərlə üzləşəcək.
Onun əsas vəzifələri arasında təşkilata etimadın bərpası, sülhməramlı əməliyyatların effektivliyinin artırılması və struktur islahatlarının aparılması olacaq.
Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır. Təhlükəsizlik Şurasının daimi üzvləri arasında razılıq əldə olunmasa, BMT yeni rəhbərin seçilməsi ilə bağlı ciddi institusional problemlə üzləşə bilər.
Türkan İsgəndərli