Dəməşq iki od arasındadır: Ya milyardlar, ya da Kreml...

Dəməşq iki od arasındadır: Ya milyardlar, ya da Kreml...
26.11.2026 12:56 Təhlil

Avropa İttifaqı Suriyanın yeni rəhbərliyi ilə münasibətləri normallaşdırmaq üçün konkret şərt irəli sürüb. Brüssel Dəməşqdən Bəşər Əsəd dövründə müstəqilliyi tanınan Donbas, Abxaziya və Cənubi Osetiya ilə bağlı qərarların ləğvini tələb edir. Xarici siyasət rəhbəri Kaya Kallas bu məsələni birbaşa Suriya prezidenti Əhməd əl-Şaraa ilə də müzakirə edib. Görünən odur ki, Qərb Suriyadakı hakimiyyət dəyişikliyindən istifadə edərək Rusiyanın regiondakı təsirinə növbəti zərbə vurmağa çalışır.

Bəs Əhməd əl-Şaraa rəhbərliyi Qərbin iqtisadi dəstəyini və sanksiyaların ləğvini qazanmaq naminə Rusiya ilə münasibətləri tamamilə pozmaq riskini gözə ala bilərmi?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə analitik Tamilla Qulami hesab edir ki, Avropa İttifaqının Suriyanın yeni rəhbərliyindən Donbas, Abxaziya və Cənubi Osetiya ilə bağlı Bəşər Əsəd dövründə qəbul edilmiş qərarları geri götürməyi tələb etməsi diplomatik münasibətlərin normallaşdırılmasından daha geniş geosiyasi strategiyanın tərkib hissəsidir:


“Brüssel Suriyanın yeni hakimiyyətini yalnız ölkənin siyasi transformasiyası kontekstində deyil, həm də Rusiyanın Yaxın Şərqdəki mövqelərinin zəiflədilməsi baxımından əhəmiyyətli hesab edir. Kaja Kallasın bu məsələləri Əhməd əl-Şaraa ilə müzakirə etməsi göstərir ki, Avropa Suriyanın gələcək xarici siyasət istiqamətinin formalaşmasında kifayət qədər maraqlıdır. Bununla belə, nəzərə almaq lazımdır ki, Avropa İttifaqı hələlik bu tələbi 2008-ci il Assosiasiya Sazişinin imzalanmasından ayrı tutur və məsələnin gələcəkdə modernləşdirilmiş saziş çərçivəsində müzakirə ediləcəyini bildirir.

Əhməd əl-Şaraanın qarşısındakı seçim də kifayət qədər mürəkkəbdir. Çünki Suriya, demək olar ki, 15 ilə yaxın davam edən müharibədən sonra iqtisadiyyatını bərpa etməyə, xarici investisiyalar cəlb etməyə, beynəlxalq legitimliyini möhkəmləndirməyə və Qərbin maliyyə imkanlarından yararlanmağa çalışır. Bu baxımdan, Avropa İttifaqı ilə münasibətlərin dərinləşdirilməsi Dəməşq üçün ciddi iqtisadi və siyasi dividendlər vəd edir. Lakin unutmamalıyıq ki, Rusiya Suriyanın müharibədən sonrakı təhlükəsizlik arxitekturasında hələ də əhəmiyyətli aktordur. Moskvanın Tartus dəniz bazasında və Hmeymim aviabazasında mövcudluğu Rusiyaya Aralıq dənizində, Yaxın Şərqdə və Afrikaya istiqamətlənən hərbi-logistik fəaliyyətində mühüm əməli imkanlar yaradır. Bu səbəbdən Rusiya ilə münasibətlərin kəskin şəkildə pisləşməsi Suriyanın təhlükəsizlik maraqları ilə toqquşa bilər”.

Analitik Əhməd əl-Şaraanın Rusiya ilə münasibətləri tamamilə qurban verməsinin hazırkı mərhələdə real görünmədiyini vurğulayıb:

“Daha çox ehtimal olunan variant çoxvektorlu xarici siyasət yürütmək, yəni Qərblə iqtisadi və diplomatik əməkdaşlığı genişləndirməklə yanaşı, Moskva ilə müəyyən strateji əlaqələri qoruyub saxlamaqdır. Suriya rəhbərliyi Rusiyanın ərazi bütövlüyü ilə bağlı mübahisəli qərarlarını geri götürməklə Qərbə siyasi jest edə bilər. Lakin bu, mütləq şəkildə Rusiya ilə bütün əlaqələrin kəsilməsi demək deyil.

Eyni zamanda, Moskva da Suriyanı tamamilə itirmək istəmir. Rusiya üçün Suriya sadəcə keçmiş müttəfiq deyil, həm də Aralıq dənizinə çıxış, hərbi mövcudluq və Yaxın Şərqdə nüfuz məsələsi baxımından strateji əhəmiyyət daşıyır. Buna görə də Kreml yeni Dəməşq rəhbərliyi ilə münasibətləri qorumaq üçün müəyyən güzəştlərə getməyə çalışa bilər.

Ümumilikdə, Suriyada baş verən proseslər yalnız yeni hakimiyyətin Qərbə inteqrasiyası deyil, həm də Yaxın Şərqdə Rusiya təsirinin yenidən bölüşdürülməsi uğrunda mübarizənin tərkib hissəsidir. Qərb Suriyaya iqtisadi bərpa və beynəlxalq legitimlik vəd edir, Rusiya isə hərbi-siyasi təsir imkanlarını qorumağa çalışır. Əhməd əl-Şaraanın əsas məqsədi bu iki güc mərkəzindən birini seçmək deyil, hər ikisi ilə münasibətlərdə siyasi manevr imkanlarını genişləndirmək olacaq. Çünki müharibədən çıxmış və institusional baxımdan hələ də kövrək olan Suriya üçün yeni geosiyasi qarşıdurmanın tərəfinə çevrilməkdənsə, mümkün qədər çox tərəfdaş qazanmaq daha həyati əhəmiyyət daşıyır”.

Tamilla Qulami Avropa İttifaqının Suriyaya qarşı iqtisadi sanksiyaların böyük hissəsini 2025-ci ilin mayında artıq ləğv etdiyini xatırladaraq fikrini yekunlaşdırıb:

“Hazırkı müzakirələrin əsas istiqamətləri yeni iqtisadi əməkdaşlıq, investisiyalar, Assosiasiya Sazişi və siyasi şərtlərlə bağlıdır. Xatırladım ki, Avropa İttifaqı 2026–2027-ci illər üçün Suriyaya 620 milyon avro həcmində dəstək vəd edib”.

Qiymət Mahir

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər